Ermənistanda regionun ən böyük süni intellekt fabriklərindən biri fəaliyyətə başlayıb. Layihənin açılışında Qazaxıstan və ABŞ rəsmilərinin iştirakı diqqət çəkib.
Bu fabrikin açılması nədən xəbər verir? Qazaxıstanın Ermənistanda belə strateji obyektin açılışında iştirakı, ona siyasi dəstək verməsi Bakıda narahatlıq doğururmu?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Şəbnəm Həsənova deyib ki, bu məsələni yalnız Ermənistanda yeni texnoloji mərkəzin açılması kimi qiymətləndirmək düzgün yanaşma olmazdı:
“İnkarolunmaz reallıqdır ki, süni intellekt infrastrukturu iqtisadiyyata paralel olaraq, artıq həm də geosiyasi rəqabətin bir hissəsinə çevrilir. Bu baxımdan, rəqabətin modern halının hər bir tərəf üçün strateji xəbərdarlığa çevrildiyini desək, düşünürəm ki, bu, daha düzgün yanaşma olar. Bu istiqamətdə dövlətlər bir-birindən geri qalmamaq üçün təxirəsalınmaz addımlar atırlar. Burada bir neçə məqam var. Birincisi, Azərbaycan regionun önəmli aktorudur. Reallıq odur ki, Ermənistan hərtərəfli qaydada bizdən geri qalır. Bu baxımdan, İrəvan özünü yalnız nəqliyyat və enerji layihələrinin bir parçası kimi görməklə yanaşı, həm də çalışır ki, yüksək texnologiyalar üzrə addımlar atan bir aktor kimi təqdim etsin. Təbii ki, süni intellekt fabriki dediyimiz zaman bunu sadə hesablama mərkəzi kimi başa düşməməliyik. Çünki bənzər infrastrukturlar gələcək investisiyalar baxımından xüsusi əhəmiyyət kəsb edir. Burada startaplar, proqram təminatı şirkətləri, tədqiqatçılar, eyni zamanda qabaqcıl texnologiyalar başa düşülür. Ermənistan hökuməti layihəni ölkənin investisiya və texnoloji mühitinin dəyişməsinin indikatoru kimi təqdim edir. Layihə coğrafi baxımdan da önəmlidir. Çünki Ermənistanın Cənubi Qafqazda yerləşməsi, eyni zamanda son vaxtlarda Qərb texnologiyaları ilə artan əməkdaşlığı, Qərblə Mərkəzi Asiya arasında körpü rolunu oynamaq cəhdində diqqətləri cəlb edir. Bu istiqamətdə həm ABŞ-ı, həm də Mərkəzi Asiya dövlətlərini yanında tutmağa çalışır”.
Ekspertin sözlərinə görə, layihədə Qazaxıstanın iştirakı ona əlavə dəyər qazandırır:
“Bu isə sadəcə maddi baxımdan başa düşülməməlidir. Çünki Astananın özü də rəqəmsal texnologiyalar baxımından regional mərkəzə çevrilmə istiqamətində addımlar atır. Məsələn, Transxəzər fiber-optik kabelinin çəkilişinə başlanılması Qazaxıstanın atdığı strateji addımların nəticəsidir. Yəni, Mərkəzi Asiya ilə Avropa arasında məlumat ötürülməsi üçün təhlükəsiz, yüksək sürətli rəqəmsal dəhlizin yaradılması Qazaxıstanın da xüsusi önəm verdiyi bir məsələdir. Xəzər dənizinin dibi ilə Azərbaycan və Qazaxıstan arasında yüksək sürətli fiber-optik xəttin çəkilməsi hər iki aktorun önəmini göstərir. Bu baxımdan, Transxəzər fiber-optik kabel xətti Azərbaycanın və Qazaxıstanın rəqəmsal gələcəyi üçün strateji əhəmiyyətli bir məsələdir. Bu, həm də Orta Dəhlizin ayrılmaz bir komponenti kimi başa düşülür. Rəqəmsal komponent məlumat mübadiləsi baxımından əhəmiyyətə malikdir. İştirakçıları Azərbaycan və Qazaxıstan olan sözügedən layihəyə gələcəkdə Özbəkistanın, Qırğızıstanın, Türkmənistanın da qoşulması planlaşdırılır. Ermənistanın bu cəhdini birbaşa Azərbaycan əleyhinə layihə kimi təqdim etmək, zənnimcə, düzgün yanaşma olmaz. Qeyd etdiyim kimi, rəqabətin modern halı xəbərdarlığa çevrilir”.
Politoloq qeyd edib ki, Azərbaycan Ermənistanın atdığı addımlara cavab olaraq rəqabətə qoşulmur:
“Azərbaycan uzunmüddətli enerji, nəqliyyat və logistika sahələrində artıq regional üstünlüklər müəyyənləşdirməyi və formalaşdırmağı bacarıb. Təbii ki, üstünlüklərə rəqəmsal və texnoloji komponentin də əlavə edilməsi mühüm məsələdir. Çünki gələcəyin geosiyasi rəqabəti sadəcə ərazi, enerji, nəqliyyat, resurs üzərindən olmayacaq. Burada həm də məlumat, hesablama gücü, süni intellekt və yüksək texnologiyalar üzərində də rəqabət qurulacaq. Düşünürəm ki, rəsmi Bakı nəqliyyat, enerji, əlavə olaraq rəqəmsal və texnoloji qovşağa çevrilmə istiqamətində addımlar atır. Azərbaycan müxtəlif istiqamətlərdən Cənubi Qafqazda yeni rəqabət sahələrinin inkişafında maraqlıdır – əməkdaşlığın dərinləşdirilməsi əsas məqsədə xidmət edir. Bu baxımdan, biz yeni rəqabət sahələrində təşəbbüsü digər aktorlara buraxmamaq istiqamətində addımlar atırıq.
Ümumilikdə isə, Ermənistanın mövcud addımı geosiyasi rəqabətin mahiyyətinin dəyişdiyindən xəbər verir. Yəni, konvensional qaydada mübarizə kommunikasiya, enerji, nəqliyyat dəhlizləri ətrafında gedirdisə, indi bunun yeni amillər üzərindən getdiyinin şahidiyik. Sadəcə Azərbaycan və Ermənistan deyil, bütövlükdə aktorlar əsas hədəfi bu dəyişimi vaxtında görmək üzərində qurur. Mövcud enerji və nəqliyyat üstünlüklərinin texnoloji üstünlüklərlə tamamlanması regional mövqenin və qlobal rəqabətin möhkəmləndirilməsində aparıcı rola çevrilir”.
