Erməni nəşri “Past” yazır ki, Ermənistan Xarici İşlər Nazirliyində aprel ayına qədər Azərbaycanla sülh müqaviləsinin hazırlanması üzrə ekspert işçi qrupu yaradılacaq. Bundan əvvəl İrəvan sülh müqaviləsinin bağlanması üçün danışıqların təşkilinə görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edib.
Bəs görəsən, işçi qrupunun yaradılması əslində nədən xəbər verir?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarına politoloq Tofiq Abbasov aydınlıq gətirdi.
O bildirdi ki, işçi qrupu yaratmaqla Ermənistan özünü sığortalamaq istəyir:
“Ermənistan siyasi rəhbərliyi işçi qrupu yaratmaqla sülh prosesinə, guya, ciddi yanaşma sərgilədiyini göstərmək istəyir. Lakin indiki halda işçi qrupun yaradılması hələ o demək deyil ki, Ermənistan qısa vaxt ərzində öz üzərinə düşən vəzifəni konkretləşdirəcək və sülh müqaviləsinin imzalanmasına şərait yaradan platforma quracaq. Ermənistanın davranışlarında biz xüsusi tendensiyanın və cərəyanın şahidi oluruq. Belə ki, onlar bütün məsələlərə etinasız yanaşır və öz münasibətini verbal tərzdə təsadüfi söz və ibarələrlə ifadə edir. Lakin konkret nəticələrə gəldikdə Ermənistan özünü geri çəkir və bu onların sınaqdan çıxmış üsuluna bənzəyir. Ona görə də işçi qrupunun yaradılmasını indidən dəyərləndirmək olmaz. Çünki vəd və ya söz vermək olar. Lakin o sözlərin reallıqda nəticəsi yoxdur və atılan addımlar ümumi prosesi ləngidir. Yəni Ermənistan süründürməçilik taktikası ilə davam edir. Bu mövzuda tələskənliyə yol verə bilmərik. Görək bu işçi qrupunun fəaliyyəti müzakirə obyektinə çevriləcək, yoxsa onun sadəcə adı olacaq”.

Politoloq əlavə etdi ki, Ermənistan adekvat siyasət nümayiş etdirə bilmir:
“Dünən Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı oldu və bu danışıqda ATƏT-in Minsk qrupu yenidən müzakirə obyektinə çevrildi. Bu, onu göstərir ki, Paşinyanın Minsk qrupunu yenidən gündəmə gətirir. Ermənistan öz məğlubiyyəti ilə barışmır və Azərbaycanın mövqeyini qəbul etmir. Azərbaycan dəfələrlə bəyan edib ki, status məsələsi birdəfəlik gündəmdən çıxarılıb. İndiki halda Azərbaycana nəyisə zorla qəbul etdirmək olmaz. Biz yox deməyi bacarırıq. 30 il ərzində Ermənistan dağıdıcılıqla məşğul idi və hətta indi də adekvat siyasət nümayiş etdirə bilmir. Ermənistan iş qabiliyətinin olmasını sübut etməlidir ki, biz də onların səmimiyyətinə inanaq”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
