İsrail höküməti Bney-Brak şəhərindəki hücumdan sonra təhlükəsizlik tədbirlərini gücləndirib.
KONKRET.az Anadolu-ya istinadən xəbər verir ki, artıq İsrail Baş Qərargah rəisi Aviv Koçavi Yaşıl Xətt, Qüds, böyük yəhudi məskənləri və İordan çayının qərb sahili yaxınlığındakı bölgəyə 4 batalyondan ibarət əlavə qüvvələrin göndərilməsi əmrini verib.
İsrail polisinin verdiyi açıqlamada, martın 29-u axşam saatlarında Təl-Əvivin şərqindəki Bney-Brak şəhərində baş verən silahlı hücumda biri polis olmaqla beş nəfərin öldürüldüyü bildirilib. İsrail mətbuatı təqsirkarın İordan çayının qərb sahilindəki Yabed qəsəbəsinin sakini olduğunu qeyd edib.
İsrailin baş naziri Naftali Bennet hücumdan sonra yaydığı video müraciətdə, İsrail vətəndaşlarının çətin günlərdən keçdiyini, yeni bir terror dalğası ilə qarşı-qarşıya olduğunu açıqlayıb.
Digər tərəfdən, Fələstin mətbuatında yer alan xəbərlərə görə, İsrail əsgərləri Ceninin cənub-qərbindəki Yabed qəsəbəsinə daxil olub. Əsgərlər beş israillini qətlə yetirən Zia Hamaraşenin ailəsi də daxil olmaqla bir çox evə basqın edib.
Xatırladaq ki, martın 22-də ölkənin cənubundakı Birusseba şəhərində bıçaqlı hücum nəticəsində 4 israilli həlak olub. Hücum edən şəxsin İŞİD tərəfdarı olduğu bildirilib.
İqbal Rzayev,
KONKRET.az
