Ukrayna və Rusiyanın danışıqlar üzrə nümayəndə heyətlərinin Türkiyənin İstanbul şəhərindəki görüşü başa çatıb.
KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, danışıqlar 3 saat davam edib.
Qeyd edək ki, danışıqların sabah davam etdiriləcəyi gözlənilir.
***
11:20
Ukrayna nümayəndə heyəti də “Dolmabağça” sarayına gəlib.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq Ukrayna və Rusiya nümayəndə heyətlərinin növbəti görüşü başlayıb.
Ukrayna nümayəndə heyətinə Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak, müdafiə naziri Oleksiy Reznikov, hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya, Rusiya nümayəndə heyətinə Putinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Andrey Rudenko, Moskvanın Belarusdakı səfiri Boris Qrızlov, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildirlər.
***
11:05
Rusiya nümayəndə heyəti də “Dolmabağça” sarayına gəlib.
KONKRET.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

***
10:58
Rusiya-Ukrayna nümayəndə heyətinin İstanbuldakı görüşü başlayır.
KONKRET.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, artıq Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu iki ölkə nümayəndələrinin danışıqlar aparacağı yerə gəlib.
Mətbuatın yazdığına görə, görüş qapalı keçiriləcək.
Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların birinci raundu fevralın 28-də Belarusun Qomel vilayətində keçirilib, görüş beş saat davam edib. Tərəflər daha sonra martın 3-ü Belovejskaya Puşçada və martın 7-si isə Brest vilayətində görüşüblər.
Martın 10-da isə Antalyada keçirilən diplomatik forum çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrovla Dmitri Kuleba arasında görüş keçirilib. İstanbulda keçiriləcək bugünkü görüşlə bağlı Kremlin sözçüsü Dmitri Peskov ötən gün açıqlama verib. O bildirib ki, İstanbul görüşündən sonra Putin-Zelenski görüşü keçirilməyəcək.
Vəsilə İbrahim,
KONKRET.az
