İstanbullu erməni Baqrat Estukyandan sensasiyalı açıqlamalar – FOTObackend

İstanbullu erməni Baqrat Estukyandan sensasiyalı açıqlamalar - FOTO

Türkiyədəki erməni icması olan “Aqos”un ən fəal üzvü, erməni həftəliyi olan “Ermenihaber.am”ın erməni bölməsinin redaktoru Baqrat Estukyan erməni mediasına müsahibə verib. Onun açıqlamaları bu günki Türkiyə ermənilərinin qarşılaşdığı problemlər, eləcə də dünya ermənilərinin mövqeyinin güclənməsində bu ölkədə gedən proseslərin təsirindən danışıb. Estukyanın açıqlamaları mühüm məqamları ilə diqqəti cəlb edib. KONKRET.AZ xəbər verir ki, Baqrat Estukyan Türkiyədə erməni diasporunun parçalanması və ümumiyyətlə dünyada ermənilərin qarşılaşacağı ciddi təhlükənin mövcudluğunu qabardıb. O bildirib ki,  bu gün dünya ermənilərinin ən böyük və əsas problemlərindən biri İstanbuldakı diasporun liderinin hələ bu günə qədər müəyyənləşdirilməməsidir.

Onun sözlərinə göə, erməni cəmiyyətləri yeni nizamnamə hazırladığından uzun müddətdir ki, seçkilər keçirə bilmir. İstanbul ermənisi vurğulayıb ki, Türkiyədə yaşayan ermənilər arasında  kifayət qədər ciddi miqdarda pulu olanlar var. “Çox yaxşı olardı ki, bu nüfuzlu şəxslər arasında seçim aparılardı. Bu, ən vacib məsələdir. Bu problemin həlli erməni icmasının parçalanma təhlükəsini aradan qaldıra bilər. Hazırda bu gün bir parçalanma müşahidə edirik, çünki cəmiyyətin seçilmiş, etimad doğuran lideri yoxdur və nəticədə erməni birliyi itirilib. Bu seçkiləri təmin etməklə bu birliyi yenidən bərpa etmək olar”, – deyən Baqrat Estukyan deyib ki, Türkiyə ermənilərinin ortaq problemləri ölkənin sosial-iqtisadi və siyasi sistemi ilə də sıx bağlıdır. Onun şərhinə görə, bu gün Türkiyə iqtisadi böhranla üz-üzədir. Ölkə digər tərəfdən beynəlxalq siyasətdə müxtəlif dövlətlərlə problemləri olan bir məmləkətə çevrilib.

Onun sözlərinə görə, bu və digər səbəblərdən Türkiyədəki ermənilər vətənlərinə qayıtmağı düşünməyə başlayıblar. Amma geri dönmək niyyətində olmayan ermənilər də az deyil. Onlar nəyin bahasına olursa-olsun Türkiyədə qalmağa çalışacaqlar, çünki onların təcrübəsi ilə bu ölkədə iş tapmaq daha asandır. Türkiyədə yaşamaq və işləməkdə davam etmək bu ermənilər üçün çox rahatdır. Baqrat Estukyan hesab edir ki, ermənilər həmişə Türkiyədəki mövcudluğunun sona çatacağı təhlükəsini hiss ediblər. O, bununla bağlı suriyalı qaçqınların taleyinə eyham vurub: “Suriyalılar əvvəlcə Türkiyəyə “dəvət edildi”, amma indi ovlanmaqda davam edir və hətta hərbi əməliyyatların davam etdiyi Suriyaya göndərilir. Bəzi ermənilər üçün əsas təhlükə Türkiyədən çıxarılmasıdır. Bu baxımdan Türkiyədə yaşamağa davam etmək istəyənlər erməni kimi qalmaq və ya yaşamaq risklərini nəzərə almalıdırlar”, – deyən jurnalist bildirib ki, təhlükəsizlik amili nəzərə alınmalıdır, xüsusən də Yaxın Şərqdəki erməni diasporunun, həmçinin Hələbdəki vəziyyəti erməniləri narahat etməyə bilməz: “Hələb bizim qurulmuş icmalarımızdan idi, müharibə səbəbiylə bu gün demək olar ki, mövcud olmayan çox yaxşı təşkil olunmuş bir cəmiyyət idi. Hər kəs üçün çox təsiredici bir nümunə idi. İstanbul ermənilərini də bu aqibət göszləyə bilər”.

Redaksiyanın erməni bürosunun əməkdaşı qeyd edib ki, Türkiyənin Rusiya ilə yaxşı münasibətləri var. Eyni zamanda Amerika Birləşmiş Ştatları və Yaxın Şərq ölkələri ilə də pisləşən  münasibətlərə yenidən baxılır. Lakin Türkiyə daha çox düşmənçilik və problemlərlə qarşı-qarşıyadır. Bu gün Misir və Suriya türklər üçün düşmən ölkələrdir. İraqla da əlaqələrdə ciddi problemlər var. Bütün bunlar isə Türkiyənin bölgədə olduqca çətin vəziyyətə salıb. Bu ölkədə yaşayan ermənilər bunun fərqindədir.

Baqrat Estukyan Türkiyənin Rusiya ilə hərbi-texniki əməkdaşlığının aktivləşməsini diqqətə çatdırıb və Türkiyənin hər zaman Ermənistana qarşı inkarçı münasibətdə olduğunu vurğulayıb: “Rusiya Ermənistanın ən vacib müttəfiqidir. Türkiyə isə müttəfiqimizlə ciddi əməkdaşlıq edir. Məlumdur ki, Rusiya Azərbaycana silah tədarük edən ölkələrdən biridir. Nəticə etibarilə, biz ermənilər heç bir gücə etibar edə bilmərik və həmişə özümüzü təmin etməyə məcburuq. Ölkəmizin nə qədər kiçik olmasına və gücümüzün nə qədər məhdud olmasına baxmayaraq, ilk növbədə müharibədən çəkinməliyik”.

Erməni politoloq deyib ki, ehtiyac yaranarsa və müharibə qaçılmaz olarsa, Ermənistan savaşdan qorxmadığını artıq sübut edib: ”Ancaq müharibə bəşəriyyətə qarşı bir cinayətdir və məcbur edilmədikcə müharibə yolu seçməməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*