Kadırov Çeçenistanın rəhbəri kimi “çox uzun müddət qaldığını” deyib.
KONKRET.az xəbər verir ki, bu barədə Ramzan Kadırov teleqram kanalında məlumat verib.
Ramzan Kadırov Çeçenistanın rəhbəri kimi “çox uzun müddət qaldığını” və “qeyri-müəyyən və uzun tətilə” layiq olduğunu bildirib.
“Dostlar, bu gün öyrəndim ki, mən Rusiya Federasiyasının təsis qurumlarının hazırkı rəhbərləri arasında “uzun ömürlü”yəm. Çox uzun oturduğumu özüm də fərq etdim. Düşünürəm ki, qeyri-müəyyən və uzun bir tətilə tam layiqəm. Ümid edirəm ki, siz məni dəstəkləyəcək və başa düşəcəksiniz”, – deyə Kadırov yazıb.
O, çeçen atalar sözündən də sitat gətirib.
“Artıq on beş ildir ki, respublikaya rəhbərlik edirəm. Bizdə, qafqazlılarda, çeçenlərdə “Nə qədər hörmətli, çoxdan gözlənilən qonaq olsa da, vaxtında getsə, bir o qədər xoş olar” atalar sözü var. Ona görə də düşünürəm ki, mənim də vaxtım yetişib. Nə qədər ki, məni qovmayıblar… Biz artıq bu barədə düşünməyə başlamışıq və vaxtında getməyə çalışacağıq”, –deyə Kadırov vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az
