Abşeronda kişi 28 illik evli olduğu arvadını döyüb.
KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, bu barədə Abşeron Rayon Məhkəməsində keçirilən cinayət işi üzrə məhkəmə iclasında elan olunub.
Bildirilib ki, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.
Belə ki, Məhəbbət Qiyasov (ad, soyadı şərti) evdə ailə-məişət münasibətləri zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Gölçöhrə Qiyasovanın (ad, soyadı şərti) sifət, baş nahiyələrinə bir neçə dəfə ardıcıl yumruq və təpik zərbələri vurub. Daha sonra qadın xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi diqanozu qoyulub.
Məhkəmə baxışında Məhəbbət Qiyasov ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Gölçöhrə Qiyasova ilə 28 ildir evlidir və onların 3 övladı var:
“Hadisə günü təxminən saat 08 radələrində yaşadığımız evdə olan zaman Gölçöhrədən həyətdəki heyvanları yemləməsini istədim. O isə hər hansı bir səbəb olmadan mənimlə mübahisə etməyə başladı. Həmin vaxt Gölçöhrədən səsini qaldırmamasını tələb etdim. Qadın isə üzərimə gələrək mənim sinə nahiyəmə əl atdım. Buna görə də Gölçöhrənin üzünə bir dəfə şillə vurdum. Lakin Gölçöhrə yenə sakitləşmədi. Əvəzində məni söyüb-təhqir etməyə başladı. Bu dəfə isə onun baş nahiyəsinə bir dəfə yumruq zərbəsi endirdim.
Daha sonra Gölçöhrənin halı pisləşdi. Tez evə təcili tibbi yardım briqadası çağırdım. Hadisə təxminən 5 dəqiqə davam etdi və həmin vaxt orada başqa şəxslər yox idi”.
Məhəbbət Qiyasov ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxs ilə barışdığını, işin icraatına xitam verilməsini xahiş edib.
Məhkəmə iclasında zərərçəkmiş Gölçöhrə Qiyasova da dindirilib. O bildirib ki, həyat yoldaşı Məhəbbətlə ümumilikdə münasibətləri normal olsa da, bir neçə dəfə aralarında sözlə mübahisələr olub: “Hadisə günü Məhəbbət içkili idi. O, hər hansı bir səbəb olmadan mənimlə mübahisə etməyə başladı və sonra söyüb-təhqir etdi. Ondan bu cür davranmağının səbəbini soruşduqda isə Məhəbbət mənim sifət nahiyəsimə bir dəfə yumruq zərbəsi vurdu. Aldığım zərbənin təsirindən müqavimətimi itirib yerə yıxıldım. Daha sonra Məhəbbət yumruq və təpiklə mənim başıma zərbələr endirərək döyməyə davam etdi”.
Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, işin icraatına xitam verilməsini isəyib. Məhkəmənin qərarına əsasən, cinayət işinə xitam verilib və Məhəbbət Qiyasov cinayət məsuliyyətindən azad edilib.
