“Qərb sülh yolu ilə nizamlanmaya getmək əvəzinə Ukraynanın döyüş meydanında Rusiyaya qalib gələcəyini gözləyir”.
KONKRET.az “BBC Rus Xidməti”nə istinadən xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov İndoneziyada keçirilən G20 ölkələrinin xarici işlər nazirlərinin sammitində jurnalistlərə deyib.
Onun sözlərinə görə, bu, nəinki müharibənin sonunu yaxınlaşdırmayan, həm də bir çox qlobal iqtisadi problemlərin həllinə mane olan çıxılmaz yanaşmadır.
Rusiya nümayəndə heyətinin sammitin digər iştirakçılarından çox şey eşitdiyini deyən Lavrov bunu “Rusiyaya qarşı qəzəbli tənqid” adlandırıb. O bildirib ki, Rusiya Vaşinqtonla ünsiyyətə girmək üçün nəyisə məcbur etmək fikrində deyil:
“Bu, Moskvanın deyil, ABŞ-ın təşəbbüsü ilə kəsilib. Onlarla bütün təmasları dayandıran biz deyilik. Heç kimin arxasınca qaçmırıq, görüş üçün xahiş etmirik. Danışmaq istəmirlərsə, bu, onların işidir”, – deyə Lavrov vurğulayıb.
Roman Göytürk,
KONKRET.az
