“Bir sıra Azərbaycan mediasının Rusiyada bloklanması mövzusu Bakını narahat edir. Bu məsələ Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana bugünkü səfəri zamanı müzakirə olunub”.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı ilə birgə mətbuat konfransında jurnalistin sualını şərh edərkən deyib.
“Son aylarda bir sıra faktlarla bağlı problemli suallar yaranıb. Azərbaycanın bir neçə özəl media resursları Rusiya Federasiyasında, bu ay isə “RİA Novosti” Azərbaycanda bloklanıb. Bu, təbii olaraq bizi narahat edən mövzudur və bugünkü görüşlərdə də bu mövzuya toxunuldu. Əsas diqqət ona yönəldilib ki, biz nəticələri aradan qaldırmaq, belə halların qarşısını almaq üçün daha stimullaşdırıcı mexanizmlər işləməliyik. Onların qarşısını almağa çalışmalıyıq. Bu baxımdan dəyirmi masaların keçirilməsi faydalıdır”, – deyə C.Bayramov bildirib.
Öz növbəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi görüşlərdə bu mövzunun müzakirə edildiyini bildirib.
“Ümumi anlayış var ki, bir-birimizin qanunlarına hörmət və bu qanunlara əsaslanan məlumat azadlığı prinsiplərinə əsaslanaraq, biz hər iki tərəfdən aparıcı KİV rəhbərləri arasında xüsusi silsilə tədbirlər keçirəcəyik. Xarici işlər nazirliklərinin informasiya xidmətlərinin himayəsi altında belə məsləhətləşmələri təşkil etmək barədə razılıq var”, – Lavrov bildirib.
Roman Göytürk,
KONKRET.az