
Bir neçə gün öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərindən sonra İrəvana getməməsi müzakirələrə səbəb olub. Belə ki, bəziləri nazirin Ermənistana getmədən səfərini yekunlaşdırmasını Moskva-İrəvan münasibətləri ilə bağlayırlar. Mülahizələrə əsasən, iki ölkə arasında əlaqələr pozulduğu üçün onlar görüşməyib.
Bəs görəsən, Lavrovun Ermənistana səfər etməməsinin əsl səbəbi nədir?
KONKRET.az-ın sualını cavablandıran politoloq Elman Vəliyev bildirib ki, Moskva üçün Bakının mövqeyi daha böyükdür:
“Lavrov Ermənistana səfər etməməsi bundan sonra da etməyəcək anlamına da gəlməsin. Azərbaycan və Ermənistan Rusiya üçün önəmli kartlardır. Hər ikisinin müəyyən elementləri Moskvaya sərf edir. Moskva hərbi bazasını Ermənistanda yerləşdirib. Yəni poliqon kimidir. Ancaq Azərbaycanın mövqeyi daha böyükdür və əsas enerji mənbələrindəndir. Bir tərəfdən İsrailin, digər tərəfdən Rusiyanın maraqlarının kəsişdiyi nöqtədir. Rusiya Azərbaycanın enerjisinin Qərbə axmasını heç vaxt istəməz və ona görə də diplomatik dil tapmağa vadardır. Bu gün Moskva Cənubi Qafqazda dominant güc mənbəyidir. Ermənistan isə Rusiyasız yeni yollar axtarır. Düşünürəm ki, Ermənistan gələcəkdə NATO, AB üzvü olmağa belə cəhd edəcək. Əslində AB üzvü olmaq üçün maneələri çox deyil, ancaq NATO üzvü olması üçün Türkiyənin “ignore” etməməsi lazımdır. Bunun üçün də Türkiyə ilə münasibətləri nizamlamağa çalışır. Həmçinin Ermənistanın Azərbaycanla konflikti bitirməsi lazımdır. Bunu Moskva yaxşı anlayır. Ona görə də, İrəvanı nə çox sıxa bilir, nə də çox rahat buraxa bilir”.
E.Vəliyev əlavə edib ki, hazırda Ermənistan Rusiya üçün sərfəli səfər yeri deyil:
“Son vaxtlar Qarabağdakı erməni silahlıları da aktivləşib. Bakının Moskva ilə antiterror əməliyyatı etməsi qarşı tərəfə böyük bir dərs olmazmı? Məncə, Rusiya buna güzəştə gedər. Lavrov Rusiya bazarlarının genişlənməsini istəyir. Ona görə də bu gün Rusiya üçün sərfəli səfər yeri Ermənistan yox, İran, Azərbaycan, Hindistan, Çin, Türkiyə və Afrikadır”.
Fidan Ali,
KONKRET.az
