Almaniyanın maliyyə naziri Kristian Lindner Ukraynanın Almaniyadakı səfiri Andrey Melnikə ölkəsinin 48 saat ərzində darmadağın ediləcəyi haqda xəbərdarlıq edib. Məlumatı Ukrayna səfiri açıqlayıb və almaniyalı nazirin ona bu haqda müharibə başlayan gün dediyini xatırladıb. Belə bir məlumatın Ukrayna səfirinə almaniyalı nazir tərəfindən əminliklə verilməsi bu müharibənin Qərblə planlaşdırıldığı ehtimalını bir daha gündəmə gətirir. Bu ehtimalın nə qədər real olduğu isə suallar doğurur.
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Fikrət Sadıqov bildirib ki, Almaniyanın maliyyə naziri silah alveri ilə məşğul olmur və ya dövlətləri hərbi sursatlarla təmin etmir. Onun tamamilə başqa öhdəlikləri və iş funksiyaları var: “Digər tərəfdən Ukraynanı heç kim məhv etmək qabiliyyətində deyil. Zaman göstərdi ki, bunu heç Rusiya da edə bilmədi. Ukrayna indiyə qədər müqavimət göstərir. Görünən isə odur ki, Almaniya rəhbərliyinin Ukrayna və Rusiya arasında müəyyən tərəddüdləri var. Həmçinin güclü mövqe də sərgiləmir. Çünki onlar sanksiyalara qoşulsalar da, Rusiya ilə əlaqələrini pozmamağa çalışırlar. Maliyyə nazirinin bəyanatının isə heç bir əsası yoxdur”.

Fikrət Sadıqov əlavə edib ki, hər bir dövlətin öz kəşfiyyatı var: “Hər bir kəşfiyyat öz dövlət rəhbərliyini məlumatlandırır. Təbii ki, Almaniyanın, Rusiyanın, Ukraynanın və digər dövlətlərin kəşfiyyat məlumatları ötürülür. Amma bütün məsələlərdən xəbərdar olan ümumi bir sistem mövcud deyil. Ona görə də, kəşfiyyat məlumatları bəzi hallarda subyektiv və birtərəfli olur. Bunu nəzərə almaq lazımdır. Kəşfiyyat məlumatlarının nə dərəcədə dəqiq olub-olmadığını isə yalnız həmin ölkənin rəhbərliyi qiymətləndirə bilər”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
