Litva Seyminin deputatı Matas Maldeykis Litva hakimiyyətini Smolenskin qaytarılmasını tələb etməyə çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə informasiya xarici mətbuatda yer alıb.
Maldeykis bununla Litva Respublikasının müstəqilliyinin tanınmasını ləğv edən qanun layihəsini hazırlayan rusiyalı deputat Yevgeni Fyodorovun hərəkətlərinə cavab verib.
“Əgər Rusiya Litvanın 1991-ci ildəki müstəqilliyinin tanınmasını pisləsə, o zaman Litva 1634-cü il Polyanovski müqaviləsini ləğv edəcək və Putindən IV Vladislavın səlahiyyətlərinə tabe olmasını və işğal olunmuş əraziləri Litva Böyük Knyazlığına qaytarmağı tələb edəcək. Smolensk Litvadır!”.
Xatırladaq ki, bundan əvvəl Dövlət Dumasının deputatı Yevgeni Fyodorov “Litva Respublikasının müstəqilliyinin tanınması haqqında” qanun layihəsi təqdim etmişdi. Sənədin izahatında o, öz təklifini onunla əsaslandırıb ki, Konstitusiyaya dəyişikliklər edildikdən sonra Rusiya Federasiyası öz ərazisində SSRİ-nin hüquqi varisi kimi tanınıb.
Deputat həmçinin xatırladıb ki, 1991-ci ilin martında SSRİ-də referendum keçirilib, nəticədə ölkə sakinlərinin əksəriyyəti Sovet İttifaqının vahid dövlət kimi saxlanmasına səs verib.
Lakin həmin ilin sentyabrında SSRİ Prezidenti Mixail Qorbaçovun sədrliyi ilə SSRİ Dövlət Şurasının birinci iclasında Litva Respublikasının müstəqilliyinin tanınması ilə bağlı qəbul edilib.
Yevgeni Fyodorovun sözlərinə görə, bu qərar qeyri-konstitusiya orqanı tərəfindən qəbul edildiyindən və Sovet İttifaqının əsas qanununun bir sıra maddələrini pozduğundan qanunsuz olub.
Qeyd edək ki, Polyanovski müqaviləsinin şərtlərinə görə, Rusiya dövləti və 1569-cu ildə Polşa Krallığı ilə Litva Böyük Knyazlığının birləşməsindən yaranan Rzeczpospolita federal dövləti (Onun torpaqları 1795-ci ildə Rusiya İmperiyası, Prussiya və Avstriya arasında bölünüb) 1618-ci il Deulino barışığında müəyyən edilmiş sərhədlərini saxlayıb. 17-ci əsrin əvvəllərində Rusiya dövlətində çətinliklər dövründən istifadə edən Rzeczpospolitanın qoşunları aylarla davam edən mühasirədən sonra Smolenski ələ keçiriblər.
Roman Göytürk,
KONKRET.az
