Lukaşenko: “İlham Əliyevə dedim, Ermənistana nə qədər sərmayə qoya bilərsən? Ən azı beş milyard, dedi” – VİDEObackend

Lukaşenko: "İlham Əliyevə dedim, Ermənistana nə qədər sərmayə qoya bilərsən? Ən azı beş milyard, dedi" - VİDEO

“Razılaş ki, Ermənistana birtəhər kömək etməlisən, xalq görsün ki, barışmısan”.

KONKRET.az xəbər verir ki, noyabrın 1-də Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas ilə görüşündə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.

Belarus Prezidenti KTMT çərçivəsində məsələlərin müzakirəsi zamanı “dəmir-beton dirək” vurulmasına çağırıb.

“Suallar çoxdur. Bizə kağız üzərində pələng-filan deməsinlər deyə, fəallaşmalıyıq. Ancaq biz KTMT-də işləmək istəyənlərlə işləyək. Birdəfəlik bura “dəmir-beton dirək və ya şalban” vurmaq lazımdır ki, onun ətrafında hamımız fırlanaraq, bütün dünyaya belə bir hərbi-siyasi təşkilatın olduğunu göstərək”, – deyə Lukaşenko bildirib.

Belarus lideri vurğulayıb ki, Qarabağda münaqişəyə son qoymaq və Tacikistan-Qırğızıstan sərhədində vəziyyətin gərginləşməsinin qarşısını almaq lazımdır. Onun sözlərinə görə, KTMT bəzi daxili siyasi problemlərin həlli üçün yaradılmayıb.

KTMT-nin noyabrın ikinci yarısına planlaşdırılan növbəti sammiti ərəfəsində prezident ilk növbədə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə diqqət çəkib.

Aleksandr Lukaşenko qeyd edib ki, Rusiya Ermənistanla Azərbaycan arasında vəziyyətin həllində artıq vasitəçidir və bu, kifayət qədərdir:

“Müharibə başa çatıb. Onun necə başa çatdığı bəllidir. Tərəflər qərara gəliblər ki, onlara vasitəçi lazımdır. Əlbəttə ki, bu, Rusiya idi. Onlar Rusiyaya müraciət etdilər.

Rusiya ora yüzlərlə hərbçi göndərdi. Putinin dediyi kimi, rus sərhədçiləri indi sərhədin bütün hissələrindədir. Türkiyə, İran və Azərbaycan sərhədlərində və s.

Yaxşı, daha nə lazımdır? Qoyun bu istiqamətdə işləsinlər. Mən boş yerə demədim ki, hansısa oyun gedir. Başa düşürəm ki, hansı oyundur, Avropa İttifaqını, ATƏT-i ora niyə sürükləyiblər. Yaxşı, niyə? Niyəsi aydındır. Əgər orda artıq vasitəçi varsa, orada nə edəcəklər? Və KTMT-ni də cəlb etmək istəyirlər. Guya başqa iş yoxdur”.

Aleksandr Lukaşenko onu da bildirib ki, o, eyni zamanda İlham Əliyevə təklif edib ki, münaqişə həll olunarsa, nəhayət, barışmaq və bunu iki ölkə xalqına nümayiş etdirmək üçün Ermənistana sərmayə yatırmaq barədə düşünsün.

“Və mən o zaman İlhama sual verdim: “Qulaq as, razılaş, Ermənistana birtəhər kömək etməlisən. Xalq görsün ki, barışmısan (O zaman neft doğrudan da çox baha idi). Yaxşı, Ermənistana nə qədər sərmayə qoya bilərsən? Ən azı beş milyard, dedi və güldü.

Amma əsas odur ki, boru kəmərləri çəkdilər. Ancaq onlar Ermənistanın kənarından keçir. İlham isə bu qaz və neft kəmərlərini Ermənistan ərazisindən təklif edirdi. O deyirdi: “Niyə Gürcüstana getməliyik? Biz Ermənistandan keçirəcəyik. Bu, bizim üçün faydalıdır”. Sərfəli deyil? Həm Türkiyəyə, həm də onun hüdudlarından kənara. Sərfəlidir? Bu, sərfəli idi”, – deyə Belarus Prezidenti bildirib.

“Yox! Nə oldu? Azərbaycan Prezidentini küncə sıxışdırdılar. Onun hərbi yolla həldən başqa çarəsi qalmadı. Daha gecikdirmək mümkün deyildi. Bir milyondan çox qaçqın gərginlik yaratdı. Məsələ bundadır. Yaxşı, indi oynamağın nə mənası var?

Nəhayət, olanlarla razılaşdıqsa, barışmalıyıq. Və orda uydurmağa ehtiyac yoxdur, sən orda olmusan. Dağlarda sərhəd bölürlər. Nə dağlar?!

Razılaşın! Naxçıvana keçid azad olsun. Deyəsən, bu barədə qərar veriblər. Rusiya orda bu prosesi təmin edir. Yaxşı, niyə indi bir-birini öldürürlər?! Demək olar ki, 300-ə yaxın adam ölüb, Sakitləşib razılığa gəlmək lazımdır. Mənim mövqeyim buradan qaynaqlanır. On il bundan əvvəl. Ona görə də mən buna belə sərt reaksiya verirəm”, – deyə Lukaşenko fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*