Maaşdan 300 manat tutuldu, bank kartına yenidən 500 manat borc yazıldı – Vəkildən AÇIQLAMAbackend

Maaşdan 300 manat tutuldu, bank kartına yenidən 500 manat borc yazıldı – Vəkildən AÇIQLAMA

Vətəndaş vaxtında tibbi müayinədən keçmədiyi üçün 500 manat məbləğində cərimələnib. Cərimə daha sonra icraya yönəldilib. Lakin vətəndaş icra orqanının çağırışına işlə əlaqədar gedə bilmədiyini, sonradan isə xəstəxanada tibbi müayinədən keçdiyini bildirir.

Məsələ ilə bağlı KONKRET.az-ın redaksiyasına daxil olan şikayətə görə, vətəndaşdan cərimənin ödənilməsi tələb olunub. Bununla yanaşı, onun əməkhaqqından 300 manat tutulub. Hazırda isə bank kartında yenidən 500 manat mənfi saldo əks olunur. Vətəndaşın digər bank hesablarında da mənfi saldo yarandığı bildirilir.

Bəs eyni cərimə üzrə həm əməkhaqqından 300 manat tutulması, həm də bank hesablarında 500 manatlıq məhdudiyyətin tətbiqi qanunidirmi? Vətəndaş sonradan tibbi müayinədən keçibsə, bu, cərimənin icrasına təsir göstərə bilərmi?

Roman Qaraşova yüksək vəzifə verildi Pravda.az

Roman Qaraşov

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan İstehlakçılar Şurasının sədri, vəkil Roman Qaraşov bildirib ki, əməkhaqqından 300 manat tutulmasının qanuniliyi ilk növbədə bu tutulmanın hansı icra sənədi əsasında aparıldığından asılıdır.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.1 və 150.5.1-ci maddələrinə əsasən, inzibati cərimə müəyyən edilmiş müddətdə könüllü ödənilmədikdə, fiziki şəxs barəsində qəbul edilmiş qərar onun əməkhaqqından, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün müvafiq işəgötürənə və ya aidiyyəti quruma göndərilə bilər. Cərimənin bu qaydada tutulması mümkün olmadıqda və ya digər hallarda qərar “İcra haqqında” Qanunda müəyyən edilmiş qaydada məcburi icraya yönəldilir.

Roman Qaraşov qeyd edib ki, icra icraatı çərçivəsində əməkhaqqına tələb yönəldildikdə qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlər gözlənilməlidir. Bu səbəbdən 300 manatın tutulmasının qanuni olub-olmadığını müəyyən etmək üçün həmin məbləğin məhz 500 manatlıq cərimə üzrə tutulduğunu təsdiqləyən sənədlərə və icra işində aparılmış hesablaşmaya baxılmalıdır.

Vəkil vurğulayıb ki, cərimə tətbiq edildikdən və qərar qanuni qüvvəyə mindikdən sonra vətəndaşın tibbi müayinədən keçməsi əvvəlki inzibati xətaya görə tətbiq edilmiş cəriməni avtomatik olaraq ləğv etmir və ya məbləğini azaltmır.

“Sonradan tibbi müayinədən keçilməsi gələcək dövr üçün hüquqi vəziyyəti dəyişə bilər. Lakin cərimənin icrasının dayandırılması və ya ona xitam verilməsi üçün qərarın qanunla nəzərdə tutulmuş qaydada ləğv edilməsi, dəyişdirilməsi və ya icraata xitam verilməsini şərtləndirən ayrıca hüquqi əsas olmalıdır”, – deyə hüquqşünas bildirib.

Bank hesablarına tətbiq edilən məhdudiyyətlərə gəlincə, Roman Qaraşovun sözlərinə görə, icra məmuru borclunun banklarda olan pul vəsaitlərinə tələb yönəldə və hesablar barədə məlumat olduqda həmin vəsaitlər üzərinə həbs qoya bilər. Lakin tətbiq olunan tədbirlər icra sənədinin faktiki icrası üçün zəruri olan məbləğdən artıq olmamalıdır.

Onun sözlərinə görə, əsas borcla yanaşı qanunvericilikdə nəzərdə tutulan icra ödənişi və sənədlə təsdiqlənmiş icra xərcləri də nəzərə alına bilər.

“Əgər həmin icra işi üzrə 500 manatlıq cərimədən 300 manat əməkhaqqından faktiki tutulub və icra hesabına köçürülübsə, bu məbləğ qalıq borcdan çıxılmalıdır. Bir neçə bank hesabının eyni vaxtda məhdudlaşdırılması özlüyündə qanunsuz hesab edilmir. Lakin bütün hesablar üzrə tətbiq olunan məhdudiyyət nəticəsində eyni borcun bir neçə dəfə tutulmasına və ya borcdan artıq məbləğin alınmasına yol verilə bilməz”, – deyə vəkil əlavə edib.

Hüquqşünas həmçinin bildirib ki, bank tətbiqində görünən “–500 manat” göstəricisinin faktiki olaraq hesabdan silinmiş vəsait, yoxsa sadəcə bloklanmış məbləğ olması ayrıca müəyyənləşdirilməlidir.

Roman Qaraşovun sözlərinə görə, vətəndaş ilk növbədə icra qurumundan icraata başlama haqqında qərarın, banklara göndərilmiş sərəncam və ya həbs qərarlarının, əməkhaqqından tutulmuş 300 manatın icra işinə mədaxil edilməsini təsdiqləyən sənədlərin və hazırkı qalıq borcun yazılı hesablanmasının təqdim edilməsini tələb edə bilər.

“Əgər artıq məbləğə məhdudiyyət qoyulduğu və ya əvvəl ödənilmiş məbləğin nəzərə alınmadığı müəyyən edilərsə, məhdudiyyətin müvafiq hissədə aradan qaldırılması tələb oluna bilər. İcra məmurunun qanuna uyğun olmayan hərəkət və ya hərəkətsizliyindən isə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məhkəməyə şikayət verilə bilər”, – deyə vəkil bildirib.

Beləliklə, vətəndaşın vəziyyətində əsas məsələ 300 manatlıq tutulmanın icra sənədində necə rəsmiləşdirildiyini, həmin məbləğin icra işində nəzərə alınıb-alınmadığını və bank hesablarında göstərilən 500 manatlıq mənfi saldonun faktiki tutulma, yoxsa bloklama olduğunu dəqiqləşdirməkdir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*