Malayziyada 20 Yanvar faciəsinə həsr olunmuş xeyriyyə aksiyası – FOTObackend

Malayziyada 20 Yanvar faciəsinə həsr olunmuş xeyriyyə aksiyası - FOTO

Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüs və bu ölkənin Qadın, Ailə və İcma İnkişafı Nazirliyinin təşkilatçılığı ilə Kuala Lumpur şəhərində 20 Yanvar faciəsi şəhidlərinin xatirəsinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.

KONKRET.AZ xəbər verir ki, “Sülh uşaqlarla başlayır” devizi altında təqdim olunan tədbir yanvarın 19-da Kuala Lumpurda fəaliyyət göstərən “Tengku Budriah Çeras” adlı valideyn himayəsindən məhrum uşaqlar evində təşkil edilib. Tədbirdə Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev və səfirliyin əməkdaşları, bu ölkənin Qadın, Ailə və İcma İnkişafı Nazirliyinin yüksək vəzifəli rəsmiləri, “Tengku Budriah Çeras” uşaq evinin şagird və müəllim heyəti, eləcə də həmin müəssisənin texniki-inzibati işçiləri iştirak ediblər.

Əvvəlcə səfir Q.Allahverdiyev Qadın, Ailə və İcma İnkişafı Nazirliyinin rəsmiləri və “Tengku Budriah Çeras” uşaq evinin direktoru Mohamad Faizal bin Anuar ilə görüşərək, aksiyanın məzmun və məqsədləri barədə qarşı tərəfə məlumat verib. 20 Yanvar faciəsinin Azərbaycanın müstəqillik uğrunda mübarizə tarixində əsl qəhrəmanlıq və cəsarət nümunələrindən biri olduğunu vurğulayan səfir, faciə şəhidlərinin xatirəsinin xalqımız tərəfindən hər il ehtiramla yad olunduğunu bildirib. Tarix boyunca bütün müharibə və zorakılıqların bütövlükdə bəşəriyyətə, xüsusilə də uşaqlara ağır zərbələr vurğunu qeyd edərək, sülh və əmin-amanlığın bərqərar olmasında gələcək nəsillərin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb. O, qeyd edib ki, bu günün uşaqları sabahın yetkin fərdləri və o cümlədən, həyatımızın hər sahəsi ilə bağlı qərar verəcək şəxslər olacaqlar. Bildirib ki, bu baxımdan dinindən, dilindən və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün uşaqlar diqqət, qayğı və mehribanlıqla böyüdülməli, onlara daim humanizm hissləri aşılanmalıdır.

Valideyn himayəsindən məhrum uşaqlara dövlət qayğısı sahəsində Malayziya hökumətinin təqdirəlayiq işlər həyata keçirdiyini və uşaqlar üçün “Tengku Budriah Çeras” müəssisəsində hər cür şəraitin yaradıldığını qeyd edən səfir bu xeyriyyə aksiyasının uşaqlarla birgə vaxt keçirmək və onlarla səmimi ünsiyyət qurmaq üçün töhfə olduğunu nəzərə çatdırıb.

Qadın, Ailə və İcma İnkişafı Nazirliyinin rəsmisi Rosmahvati Binti İshak göstərilən bu nəcib təşəbbüsə görə Azərbaycan səfirliyinə təşəkkürünü bildirərək, gələcəkdə birgə layihələr üzrə əməkdaşlıqla bağlı fikirlərini bölüşüb.

Sonra səfir uşaq evinin 0-3 yaş qrupu üzrə sakinlərinə baş çəkib, onlara müxtəlif növ oyuncaqlar hədiyyə edib, birgə asudə vaxt keçirib və tərbiyəçi-müəllim kollektivi ilə söhbət aparıb.

Tədbir Azərbaycan səfirliyi tərəfindən “Tengku Budriah Çeras” uşaq evinin sakinləri üçün təşkil olunmuş naharla davam edib. Milli geyimli azyaşlı məktəblilər səfir Q.Allahverdiyev, Azərbaycan diplomatları və digər qonaqlarla birgə nahar ediblər.

Uşaq evinin direktoru M.F.Bin Anuar “Tengku Budriah Çeras” məktəblilərinin hazırladığı ornamentli sulu boya tablosunu xatirə hədiyyəsi kimi Azərbaycan səfirinə təqdim edib.

Tədbirin sonunda Azərbaycan səfiri məktəbin xatirə dəftərini imzalayıb, uşaqlara geyim dəstləri, məktəb ləvazimatları və oyuncaqlar hədiyyə edib, onlarla xatirə şəkilləri çəkdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*