Marketlərdə ölüm təhlükəsi: Alıcılara xəbərdarlıq!backend

Marketlərdə ölüm təhlükəsi: Alıcılara xəbərdarlıq!

Son dövrlərdə marketlərdə məhsulların düzgün markalanması müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə yayılan iddialara görə, bəzi alıcılar mağazadan aldıqları məhsulların istifadə müddətinin keçdiyini, lakin etiketlərdəki məlumatların dəyişdirildiyini bildirirlər. Bu iddiaları gücləndirən başqa bir səbəb isə bir sıra satıcıların etiraflarıdır. Onların açıqlamaları, bu cür təcrübələrin reallıqda mövcud olduğunu təsdiq edir.

KONKRET.az xəbər verir ki, “Yeni Sabah” məsələni qida üzrə ekspert İlkin Şirinovla müzakirə edib. Mütəxəssis mövzu ilə bağlı vacib məqamlara diqqət çəkib:

“Bu məsələ hər zaman müzakirə obyektidir. Hər bir məhsulun üzərində Azərbaycan dilində markalanma olmalı, yararlılıq müddəti və istehsal tarixi göstərilməlidir. Bu məlumatlar məhsulun arxa, ön və ya yan hissəsində aydın şəkildə əks olunmalıdır. Məhsulun kateqoriyasından asılı olaraq, hər bir malın geri qaytarılma prosesi mövcuddur. Yəni yararlılıq müddətinin bitməsinə az bir müddət qalmış həmin mallar istehsalçı şirkətə geri göndərilməli və müvafiq şəkildə utilizasiya edilməlidir. Bu proseslər əsasən istehsalçı şirkətin məsuliyyətindədir. Lakin bu barədə satış müəssisələrinə də dəqiq məlumat verilməlidir”.

Ekspert qeyd edib ki, yararlılıq müddəti bitmiş məhsulların yenidən emalı qətiyyən yol verilməzdir:

“Lakin bəzi şirkətlər vaxtı keçmiş məhsulları dövriyəyə qaytararaq üzərinə yeni etiketlər vurub satışa çıxarırsa, bu, insan sağlamlığına ciddi təhlükə yaradan qanunsuz bir addımdır. Belə məhsullar xüsusilə uşaqlar, yaşlılar və müxtəlif allergik xəstəlikləri olan şəxslər tərəfindən istehlak olunduqda ciddi sağlamlıq problemləri meydana çıxır. Bunun nəticəsində qəbzlik, bağırsaq pozğunluqları və zəhərlənmələr kimi hallar yaşanır. Bu hadisələr göstərir ki, həmin qanunsuzluqları edən şirkətlər üçün insan sağlamlığı ön planda deyil, onların əsas məqsədi yalnız qazanc əldə etməkdir”.

İ.Şirinov onu da qeyd edib ki, belə qanunsuzluqlara qarşı yalnız qida sahəsində fəaliyyət göstərənlər və ya qida ekspertləri deyil, həmçinin vətəndaşlar da mübarizə aparmalıdır:

“Hər bir insanın sağlamlığı birinci dərəcəli əhəmiyyət daşıyır. Vətəndaşlar istifadə etdikləri məhsullar barədə düzgün və dəqiq məlumat almaq hüququna sahibdir. Bu hüquq isə alınan malların üzərindəki etiketlərdə əks olunmalıdır. Hər kəs öz sağlamlığının qeydinə qalmalı və təhlükəli məhsulların yayılmasına qarşı tədbirlər görməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*