Marketlərdə sınan məhsullara görə kim məsuliyyət daşıyır? – AÇIQLAMAbackend

Marketlərdə sınan məhsullara görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA

El arasında deyirlər ki, cibində bir manat artıq pul saxla, kiminsə qatığını dağıtsan, verməyə pulun olsun. Adətən zarafatla yanaşdığımız bu mövzu bəzən reallıq olur.

Bəs görəsən, belə olan halda müştəri nə etməlidir? Marketdə məhsul sınarsa, onun məsuliyyətini kim daşıyır? 

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov cavablandırıb.

O bildirib ki, bu barədə çoxsaylı şikayətlər var:

“Bəzən marketlərdə ehtiyatsızlıqdan bəzi məhsulları yerə salıb sındırırıq. Təəssüflər olsun ki, marketlərlə bağlı Nazirlər Kabineti heç bir qərar qəbul etməyib. Marketlərdə məhsullar bəzən səliqəsiz şəkildə düzülür. Alıcılar bəzi məhsullara istəmədən zərər vurur. Müştəri market qapısından içəri girdiyi andan etibarən ona potensial oğru kimi davranılır. Market işçiləri alıcıların çantalarını alıb saxlayır və buna görə, heç bir cavabdehlik daşımırlar. Hər hansı bir oğurluq faktı zamanı market məsuliyyəti öz üzərindən atır. Birlik olaraq biz Nazirlər Kabinetinə dəfələrlə müraciət etmişik. Hesab edirəm ki, marketlərlə bağlı Nazirlər Kabinetinin xüsusi qərarı olmalıdır. Sınan, dağılan məhsullarlla bağlı o qərarda xüsusi bənd ola bilər. Mövcud şəraitdə belə hallar baş verdiyi təqdirdə market sahibi necə istəyirsə, elə də davranır. Bəzi market sahibləri istehlakçını bağışlayır, bəziləri isə polisə müraciət edir”.

Hüquqşünas Ceyhun Cəfərli bildirib ki, alıcılar marketdə məhsul seçərkən bu məhsul marketin əmlakı sayılır:

“Əgər məhsul sınır, dağılır, xarab olursa, məsuliyyət alıcıya məxsusdur. Mağaza işçiləri bu məhsulları təhülkəsiz qaydada rəflərə düzüb. Alıcı ehtiyatsız davranırsa, malın qiymətindən və mağaza sahibinin məsələyə yanaşmasından asılı olaraq, fərqli baxış ortaya qoyula, dəymiş zərər alıcıdan müxtəlif formada tələb oluna bilər. Əgər müştərinin həmin məhsulun qiymətini ödəməyə imkanı yoxdursa, hadisə aktlaşdırılır. Tərəflər sənədə imza atır və alıcı sonradan bu pulu ödəyir. Akt əsasında mağaza sahibi məhkəməyə müraciət edə bilər. Lakin mağaza rəhbərliyi alıcıdan bu məbləği dərhal ödəməsini tələb edə bilməz. Həmçinin, alıcı orada girov saxlanıla bilməz. Zərərçəkən tərəfin belə bir səlahiyyəti yoxdur”.

Şəbnəm Mehdizadə,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*