Mehriban Əliyevanın bu tədbirə gəlişi çox gözlənilməz olmuşdu – ƏTRAFLIbackend

Mehriban Əliyevanın bu tədbirə gəlişi çox gözlənilməz olmuşdu - ƏTRAFLI

Gələn il canımız qədər sevdiyimiz Azərbaycanın dövlət müstəqilliyinin bərqərar olmasının, xalqımızın sovet imperiyasının müstəmləkəsi olmaqdan qurtulmasının, imzasının azad və hürr dövlətlər sırasında olmasının 30 ili tamam olacaq. Bu, xalqımızın əldə etdiyi çox böyük tarixi nailiyyətdir.

Amma müstəqilliyimizin davamlı və dönməz olması, bunu arzulamayan şovinist dövlətlərin basqısı və təzyiqləri qarşısında geri çəkilməyəcəyimiz fikri görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin hakimiyyəti dönəmində daha gerçək səciyyə aldı. İlk dövrdə onun hakimiyyətə qayıdışına sevinən kommunist tör-töküntüləri tezliklə Azərbaycanın Rusiyanın tərkibinə qayıdacağına və sovet imperiyasının sərhədlərinin yenidən bərpa olunacağını xəyal edirdilər. Amma Heydər Əliyev dövlət müstəqilliyinin möhkəmləndirilməsinin vacibliyi barədə önəmli bəyanatları və atdığı qətiyyətli addımlarla həmin zavallıları böyük xəyal qırıqlığına uğratdı.

“Müstəqilliyimiz dönməz və əbədidir” bəyanatı ilə ölkə ziyalılarının qarşısında çıxış edən Heydər Əliyev uzun illər bu arzunun gerçəkləşməsilə yaşadığını, milli məfkurənin formalaşmasında misilsiz xidmətləri olan qurucu babalarımızın buna nail ola bilmədiklərini, bu xoşbəxtliyin bizim nəslə qismət olduğunu, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasının və əbədiliyinin təmin olunmasını hətta canından artıq istədiyini etiraf etdi: “Azərbaycanın dövlət başçısı kimi deyirəm. Bundan sonra Azərbaycan heç kimdən asılı olmayacaq, heç kəsin vassalı olmayacaq”.

Son 29 illik tarixə nəzər salanda böyük öndərin bu siyasi kursu 10 il ərzində nəinki həyata keçirdiyi, hətta onun yüksələn xətt üzrə inkişaf etməsi üçün siyasi varislər yetişdirdiyi də məlum olur.

Söhbət ilk növbədə Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyevadan gedir. Təbii ki, Heydər Əliyevin siyasi məktəbini keçən hazırlıqlı siyasətçiləri cəmi bir il hakimiyyətdə olmuş, sonrakı illərini müxalifətdə keçirməyə xərcləyən liderlər və kobud yanlışlıqlarına görə hakimiyyətdən uzaqlaşdırılmış, iqtidarda olarkən tamamilə unutduqları, amma indi yadlarına saldlıqları haqq və ədalətdən dəm vuran şəxslərlə müqayisə etmək qeyri-mümkündür. Bunu yaxşı anladıqları üçün onlar son dövrdə hücumlarını “Heydər Əliyev Mehriban xanımı və onun ailə üzvlərini qəbul etmir və yaxına buraxmırdı” kimi idbar, iyrənc və gülünc şaiyələr üzərində qururlar. Məqsəd açıq-aşkar ortadadır. Onlar bununla da həm fiziki, həm də mənəvi baxımdan indiki islahatlar kursu ilə ayaqlaşa bilməyən, amma “bəlkə də qaytardılar” xülyasında olan sabiq dövlət məmurlarını və yaxınlarını, eləcə də yerlibazlıq xəstəliyindən qurtula bilməyənləri öz tərəflərinə çəkmək istəyir, hakimiyyətə qarşı etirazçı təbəqənin sıralarının genişləndirilməsinin məkrli planlarını qururlar.

Məhz bu qüvvələr 2003-cü ildə hakimiyyətə gələn İlham Əliyevin prezident kimi ciddi qəbul edilmədiyini, onun ölkəni idarə edə bilməyəcəyi və hakimiyyətinin çox çəkməyəcəyi barədə uydurmaları ara-sıra xısın-xısın dövriyyəyə buraxırdılar. Amma artıq keçən 17 illik dövrün də “ömrü 40 gün olan yalan”ların müəlliflərinə yazığı gəlir. Həmin qüvvələrin bir yanlışlığı da birinci xanımı, türklər demişkən, xəfifə almaları idi. Onlar yəqin ki, xəyallarına belə gətirməzdilər ki, 2003-cü il prezident seçkilərində qalib gəlməsi münasibətilə təşkil olunan rəsmi qəbul zamanı İlham Əliyevlə yanaşı dayanan bu zərif xanım bütün çətin və xoş anlarda dövlət başçısının əsl dayağına çevriləcək.

Başqa cür ola da bilməzdi. Ölkənin iki Prezidentinin ailəsində böyük ictimai-siyasi təcrübə qazanmış Mehriban xanım həm də elm və mədəniyyət çevrəsinə tanınmış simalar bəxş edən, vətənimizə təkcə sözdə deyil, əməldə də xidmət etdiklərini sübuta yetirən iki nəslin yetişdirdiyi parlaq şəxsiyyətdir. Bu cür nəcib bir şəcərənin nümayəndəsi olmaq hər siyasətçiyə nəsib olmur. Bu nəslin yetişdirdiyi Mircəlal Paşayev, Nəsir İmanquliyev, Aida İmanquliyeva, Arif Paşayev, Hafiz Paşayev, Nərgiz Paşayeva və başqaları bütün dönəmlərdə öz elmi və ədəbi fəaliyyətləri, mərd və mütəvazi davranışları ilə onsuz da könüllərdə sıcaq yuva qurmuşdular. Mehriban xanım isə heyrətamiz yorulmaz və usanmaz təşkilati fəaliyyəti, gözəl zövqü və xarizmatik zərifliyi ilə xalqımızın könlünü birdəfəlik fəth etdi.

Əslində Mehriban xanımın ictimai-siyasi həyata gəlişi elə Heydər Əliyev kimi müdrik və qüdrətli dövlət xadiminin hakimiyyəti dönəmində başlamışdı. 1995-cü ildə Mehriban xanımın rəhbərliyi ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu (hazırda Azərbaycan Mədəniyyət Fondu adlanır) təsis edilir, 2002-ci ildə isə o, Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilir.

Yeri gəlmişkən, Heydər Əliyevin hakimiyyəti dönəmində, 1996-cı ildə Mehriban xanımın atası, görkəmli alim Arif Paşayev “Azərbaycan Hava Yolları” Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektoru təyin olunub. Onun əmisi Hafiz Paşayev 1992-ci ildə Azərbaycanın ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsinə təyin olunsa da, Heydər Əliyevin 10 illik hakimiyyəti dönəmində də bu diplomatik postda çalışıb. Məgər bu cür münasibəti Heydər Əliyevin onları yaxın buraxmaması kimi qələmə vermək olarmı? Təbii ki, yox.

Heydər Əliyevin özünün Mehriban Əliyevanın Azərbaycan Mədəniyyətinin Dostları Fonduna rəhbərlik etməsinə xeyir-duasını verdiyi hər kəsin yadındadır. Təkcə bu fakt böyük öndərin Mehriban Əliyevaya etimadını və xoş münasibətini təsdiqləyir. Azərbaycanın enerji siyasəti ilə bağlı ABŞ-da aparılan danışıqlar zamanı İlham Əliyevi müşayiət etməsi də onun Mehriban Əliyevaya sonsuz inamından xəbər verirdi.

O dönəmin canlı şahidləri ölkəmizin ictimai-siyasi və mədəni həyatının necə iflic olduğunu, xalqımızın bu çətinliklərdən tədricən çıxdığını yaxşı xatırlayırlar. Məhz bu cür mürəkkəb şəraitdə Mehriban xanım mədəni irsimizin yenidən fikir süzgəcindən keçirilib, əzəli milli ənənələrə və köklərə qaytarılmasına, onun dünyada geniş şəkildə təbliğinə çalışdı, eləcə də zəngin mədəni xəzinəmizə həyasızcasına qara əllərini uzadan erməni plagiatorlarının qarşısını aldı. 1996-cı ildə onun təsis etdiyi “Azərbaycan-İrs” jurnalı üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunmaqla vətənimizin sahib olduğu mədəniyyət və incəsənət xəzinəsini bütün dünyaya nümayiş etdirdi.

2004-cü ilin mayında qeyri-hökumət təşkilatı kimi fəaliyyətə başlayan Heydər Əliyev Fonduna rəhbərlik etməsi isə Mehriban xanımı dünyanın bütün birinci xanımlarından fərqləndirəcək bir mərtəbəyə ucaltdı. Əminliklə demək olar ki, onun təkcə mədəniyyət deyil, təhsil, səhiyyə, idman və humanitar sahələrdə həyata keçirdiyi irimiqyaslı layihələr ölkə daxilində və xaricində böyük əks-səda doğurur. Məhz bu fondun çoxşaxəli fəaliyyəti ermənilərin saxta yollarla milli-mədəni irsimizi mənimsəmələrinin  qarşısını aldı. Onun YUNESKO-dakı məqsədyönlü fəaliyyəti, müxtəlif layihələrin beynəlxalq miqyasda gerçəkləşdirilməsi ilə bağlı təntənəli təqdimatlarda iştirakı, bu tədbirlərə Avropanın tanınmış siyasi, ictimai, elm, mədəniyyət, incəsənət və idman xadimlərinin cəlb olunması, Azərbaycanın zəngin mədəniyyət və incəsənətinin bu şəhərlərdə nümayiş etdirilməsi erməni lobbisinin Azərbaycana qarşı apardığı təbliğatın alt-üst olmasında önəmli rol oynayıb.

Təsadüfi deyil ki, bütün korifey sənətkarlar onu “mədəniyyətimizin hamisi” adlandırırlar. Onlar etiraf edirlər ki, Azərbaycan muğamının ətalət girdabından qurtulması, onun unutdurulmaması, bu klassik irsin gənc nəslə olduğu kimi ötürülməsi Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyəti Fondunun müstəsna xidmətləri böyük rol oynayıb. Bu fondların 2005-ci ildən bəri həyata keçirdikləri muğam televiziya müsabiqəsi və digər mühüm tədbirlər klassik musiqi janrının unudulmasının qarşısını aldı və onun yenidən populyarlaşdırılmasına səbəb oldu. 2007-ci ildən etibarən ölkənin birinci kanalı olan AzTV-də bu müsabiqənin canlı yayımlanması isə nəinki ölkəmizdə, habelə bütün dünyada böyük rezonans doğurdu.

Həmin ildə Mehriban Əliyevanın ünvanına bütün dünya azərbaycanlılarının ünvanladıqları 5 mindən artıq minnətdarlıq və təşəkkür məktubları bu rezonansın göstəricisi idi. Tamaşaçılar həftənin iki günü ərzində canlı yayımlanan bu müsabiqəni teleekran qarşısında həyəcanla gözlədiklərini böyük sevinclə vurğulayırdılar. Hətta radikal müxalifətin bir zamanlar tribunası olan “Azadlıq” qəzetinin köşə yazarlarından biri öz məqaləsində belə müsabiqəni gercəkləşdirdiklərinə görə təşkilatçılara minnətdarlıq bildirməkdən özünü saxlaya bilmədi. 2008-ci il fevralın 1-də “Müğam müsabiqəsi-2017”nin Opera və Balet Teatrında keçirilmiş qala konsertində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etməsi muğamsevərləri daha da ruhlandırdı.

Azərbaycan Gimnastika Federasiyasının prezidenti olaraq Mehriban Əliyeva idmanın bu növünün ölkəmizdə inkişafı üçün çox böyük işlər həyata keçirib. İndi azərbaycanlı qızların adları bədii gimnastika üzrə mötəbər beynəlxalq yarışlarda səslənir. Yeniyetmə və zərif gimnastlarımızın qələbələr əldə etməsi ölkəmizə daha bir başucalığı gətirir. Bundan başqa, federasiya prezidentinin beynəlxalq aləmdəki nüfuzu Dünya və Avropa çempionatlarının Bakıda keçirilməsinə dair qərarların qəbul edilməsi ilə nəticələnib.

“Eurovision-2012” və “Bakı-2015” I Avropa Oyunları kimi nəhəng müsiqi və idman yarışlarının təşkilat komitələrinə rəhbərlik etməsi isə onun idarəetmə sahəsində böyük bacarıq və qabiliyyətə malik olduğunu, bütün tapşırıqları düzgün yerinə yetirə bilən komanda formalaşdırmaqla bir çox çətinliklərin öhdəsindən gəlməyin mümkünlüyünü nümayiş etdirdi.

Məhz bu yüksək keyfiyyətləri və səmimiliyi sayəsində o, təkcə Xəzər rayonunun seçicilərinin deyil, bütün ölkənin millət vəkilinə çevrilməyi bacardı. Hər hansı problemlə üzləşən vətəndaşların öz millət vəkillərinə deyil, məhz Mehriban xanıma müraciət etdiklərinə hər kəs şahid oldu.

Milli və bəşəri dəyərlərə sadiqliyini dəfələrlə sübuta yetirmiş Mehriban xanımın ədalət və humanist prinsiplərdən çıxış edərək, dəfələrlə amnistiya aktı təşəbbüslərilə çıxış etməsi minlərlə məhbusun, o cümlədən özlərini siyasi məhbus adlandıranların azadlığa çıxmaları və ailələrinə qovuşmaları ilə nəticələnib.

Hazırda mühacirətdə yaşayan Leyla Yunus və Rauf Mirqədirovun məhz Mehriban xanımın təşəbbüsü ilə azadlığa buraxıldıqları və ailələrinə qovuşmaq üçün ölkədən getmələrinə icazə verildiyi bəllidir. Bunu həm Leyla Yunus, həm də “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı dəfələrlə etiraf ediblər.

Hakimiyyətin nüfuzuna öz məkrli və yarıtmaz əməlləri ilə zərbə vuran keçmiş ideoloqların vaxtilə görkəmli yazıçı-dramaturq və kinossenarist Rüstəm İbrahimbəyova qarşı yürütdükləri qıcıqlandırıcı və yolverilməz davranışın qarşısı da Mehriban xanım Əliyevanın sayəsində alınıb. Onun Birinci vitse-prezident kimi məsələlərə müdaxiləsi 80 yaşlı yazıçının rahatlıqla vətənə dönməsi, iqtidarla aralarında yaranmış anlaşılmazlıqların aradan qaldırılması, rəhbərlik etdiyi kinematoqrafçılar ittifaqının fəaliyyətini canlandırması ilə nəticələndi.

Bu gün ölkənin Birinci xanımı vaxtilə erməni lobbisinin doğma yuvası sayılan Fransa və Vatikanda böyük hörmətlə qarşılanır, onun həyata keçirdiyi xeyriyyə işləri  Azərbaycan həqiqətlərinin bu ölkələrdən daha gur səslə səsləndirilməsinə imkan yaradır. Mehriban xanımın təşəbbüsü və göstərişi ilə artıq “Qarabağ” sözü Qərbdə ölkəmizin milli brendinə çevrilib. Buna nümunə olaraq Fransanın Nant şəhərində “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin fəaliyyətə başlamasını göstərmək olar. Dünyanın bir çox ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları və soydaşlarımız da bu təşəbbüsə qoşularaq, “Qarabağ” adlı həftəsonu məktəbləri, fütbol klubları təsis edirlər. İndi əminliklə demək olar ki, bu addımlarla erməni lobbisinin və onların havadarlarının 1987-ci illərdən başlayaraq ölkəmizə qarşı yönəltdikləri basqı və təzyiqlərin qarşısı əzmkarlıqla alınmaqdadır.

Mehriban xanımın gündəlik fəaliyyətini izləyəndə onun necə sıx və gərgin qrafiklə işlədiyi aydın olur. Birinci vitse-prezidentin ictimai rəyə həssas münasibəti, ölkənin gündəminə düşən aktual məsələlərə çevik reaksiya verməsi, insanlara doğmalıqla yanaşması, xalqa “sizin Mehriban” kəlməsi ilə müraciət etməsi onu digər dövlət məmurlarından özəlliklə fərqləndirən cəhətlərdən biridir. Cəmiyyətimizin qaymaqlarından sayılan tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinə diqqətli və həssas münasibəti isə bütün cəmiyyətə nümunədir. Neft sənayesinin canlı rəmzinə çevrilmiş Xöşbəxt Yusifzadənin 90 illiyi münasibətilə keçirilən yubiley mərasimində Mehriban xanımın qocaman neft mütəxəssisinə tort kəsməkdə kömək etməsi, tanınmış muğam ustadı Əlibaba Məmmədovu evində ziyarət etməsi onun böyüklərə hörmətini göstərən mühüm cəhətdir.

Mehriban xanımın muğam sənətində silinməz izlər buraxmış ustad xanəndə Ağaxan Abdullayevin Suraxanı Mədəniyyət Evində təşkil olunan vida mərasiminə getməsi isə dövlət məmurlarının, mədəniyyət və incəsənət nümayəndələrinin əksəriyyəti üçün çox gözlənilməz hadisə olmuşdu. Birinci vitse-prezidentin iştirak etdiyi mərasimdə olmadıqlarına görə onların əksəriyyətinin necə peşman olduqlarını təsəvvür etmək çətin deyil. Mehriban xanım isə bu addımı ilə həyata keçirilən layihələrdə bərabər çalışdığı insanlara necə böyük dəyər verdiyini göstərmişdi.

Birinci vitse-prezidentin və onun komandasının fəaliyyəti nəticəsində cəmiyyətin həyatında, xüsusilə də kütləvi informasiya vasitələrində mülayimləşmə sezilir. Medianın sərbəst çalışması üçün nəfəsliyin açılması, tv-lərdə müxtəlif fikirlərə, o cümlədən tənqid və iradlara yer verilməsi, İTV-nin fəaliyyətində müsbət dönüşün yaranması, bu kanalın veriliş və proqramlarında cəmiyyətdə söz sahibi olan, amma keçmiş ideoloqların yarıtmaz fəaliyyəti nəticəsində efirə buraxılmayan siyasətçilərə, millət vəkillərinə, media nümayəndələrinə, müxtəlif mütəxəssis və ekspertlərə yenidən tribuna verilməsi, Xəzər tv-nin bayağı və ucuz şoulardan qurtulmağa çalışması və sair kimi təqdirəlayiq addımlar atılır.

Odur ki, yeni növ koronavirus pandemiyasının da əlavə problemlər yaratdığı bir zamanda “vurulmuş” kadrları öz ətraflarında birləşdirməyə cəhd edən, vaxtilə siyasi meydanda kobud və tərbiyəsiz davranışları ilə cəmiyyətdə ikrah doğuran qüvvələrin Birinci vitse-prezident barəsində dövriyyəyə buraxmaq istədikləri şaiyələr ayaq tutub yerimir. Çünki Vətənimizin müstəqillik yolunda iri addımlarla irəliləməsini, onun ərazi bütövlüyünün bərpa olunmasını və qüdrətli dövlətə çevrilməsini, hər cür kataklizmlərdən uzaq olmasını, xalqımıza və ölkəmizə hər hansı bir zərərin dəyməsini istəməyənlər populistlərə güvənmirlər. Birinci vitse-prezidentin xalq arasında reytinqi isə çox yüksəkdir. Bunu cəmiyyətin ona “bizim Mehriban xanım” deyərək xitab etməsi sübut edir.

Xatirə Sadiq,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*