Uşaqlarda skolioz və kifoz deformasiyaları 70 dərəcənin üzərində olduqda iç orqanlarda ciddi problemlərə səbəb ola bilir.
KONKRET.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, travmatoloq Kamil Eyvazov deyib. Həkim bildirib ki, deformasiyaların ağır formalarında onurğa beynində gərginliyə səbəb olur və bu da yerimədə problemlərə səbəb ola bilir:
“Bu cür hallardan əvvəl müalicə və cərrahi müdaxilə edilərək deformasiyaların yarada biləcəyi problemlərin qarşısı alınır”.
Həkim qeyd edib ki, uşaqların məktəbli çantası bədən çəkisinin 10 faizindən çox olmamalıdır:
“Çanta seçərkən yüngül və uşaqların yaşına uyğun olması nəzərə alınmalıdır. Uşaqların uzun müddət eyni vəziyyətdə oturması da düzgün deyil. Ona görə tövsiyə olunur ki, uşaqlar 35-40 dəqiqədən bir hərəkət üçün ayağa qalxmalı, fasilə verməlidir. Eyni zamanda, uşaqların idmanla məşğul olması, asudə vaxtlarını aktiv keçirməsi tövsiyə olunur”.