70 yaşlı Hollivud aktyoru və rejissoru Mel Gibson çoxdan gözlənilən “Ölümcül silah 5” filminin çəkilişlərini başa çatdırmaq niyyətində olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, o, Collider nəşrinə müsahibəsində ssenarinin artıq tam hazır olduğunu, lakin layihənin inzibati problemlər səbəbindən dalana dirəndiyini deyib.
Franşizanın ilk filmlərinin rejissoru Riçard Donner 2021-ci ildə 91 yaşında vəfat edib. Ölümündən əvvəl o, beşinci film üzərində işə başlayıb və Gibsonun sözlərinə görə, layihəni özü tamamlaya bilməyəcəyi təqdirdə rejissor kürsüsünü ona həvalə etməsini istəyib.
Gibson ssenarist Riçard Venk ilə birlikdə ssenarini “Donner olsaydı, nə edərdi?” prinsipi əsasında yenidən işləyib. Aktyor hesab edir ki, yeni ssenari franşizanın əvvəlki bütün hissələrindən daha yaxşı alınıb.
Gibson filmin süjeti barədə bəzi detalları da açıqlayıb. Onun sözlərinə görə, “Ölümcül silah 5” əsas diqqəti böyük dağıntılara və xüsusi effektlərə deyil, personajlara, onların münasibətlərinə və daxili dünyalarına yönəldəcək.
Film müasir blokbasterlərdə olduğu kimi kompüter qrafikası və nəhəng partlayışlarla yüklənməyəcək. Bunun əvəzinə daha dinamik və emosional hekayə təqdim olunacaq.
Hollivuddakı bürokratik və istehsal çətinliklərinə baxmayaraq, Mel Gibson əfsanəvi döyüş filmləri franşizasının final hissəsini tamaşaçılara təqdim etmək ümidindən əl çəkmir.
Natiq Səlim,
KONKRET.az
