Mənim ukraynalılara qarşı heç nəyim yoxdur. Bir çoxları kimi mən də onların cəsarətinə heyranam və onların düşdüyü çətin vəziyyətdən kədərlənirəm. Hər həftə cümə axşamı səhər saat 8-də evimdə Svetlana adlı ukraynalı qadınla görüşməkdən xoşbəxtəm. Svetlana bizə evi təmizləməkdə kömək edir. Lakin o, artıq bizim ailə dostuna çevrilib. Biz tətilə gedəndə evə baxır. Bununla belə, Svetlananın həmyerlilərindən heç birinə sığınacaq kimi ev vermək istəmirəm. Tanımadığın adamın taleyindən narahat olmaqla altı ay onunla bir dam altında yaşamaq arasında böyük fərq var.
Əgər “xeyriyyə miqyasına” nəzər salsanız, bu iki ifrat hədd arasında bizim edə biləcəyimiz çox şey var. “Yerimiz yoxdur!” deməyəcəyəm. Dörd yataq otağımız var, onlardan yalnız ikisindən istifadə edirik. Üçüncü yataq otağı yalnız vaxtaşırı istifadə olunur. Yoldaşım xoruldamağımdan bezəndə… Dördüncü otaq asanlıqla yataq otağına çevrilə bilən bir ofisdir. Bu da, vaxtaşırı bizə qonaq gələndə olur.
Son 30 il ərzində bizim evimizdə kifayət qədər uzun müddət – bir neçə aydan bir – neçə ilə qədər yaşamış dörd “qonağımız” və bir neçə həftə bizimlə qala biləcək bir çox başqa qonaqlarımız olub. Bəziləri bizə kirayə pulu ödədi, bəziləri vermədi. Biz o “qonaqlardan” yalnız biri ilə düşmənçiliklə yollarımızı ayırdıq. Amma inkar edə bilmərəm ki, mənim sevimli vaxtlarım damımın altında yalnız bir ailənin – öz ailəmin olduğu vaxtlardır.
Ən uzun üç həftə Almaniyadan mübadilə partnyorumu qəbul etdiyimiz üç həftə idi. 1979-cu il idi və o vaxt mənim 14 yaşım var idi. İkinci ən uzun müddət Fransadan olan mübadilə ortağımın bir il əvvəl bizimlə yaşadığı dövr idi. Mən alman oğlana nifrət edirdim, fransalı oğlanı isə bəyəndim. Amma onun həyatımızda olmağına da əsəbisiz qala bilmədim. Şəxsi məkanınızda, həyatınızda, gündəlik işlərinizdə, tətilinizdə başqasının olması həddindən artıq bezdiricidir.
Dünən həmkarım Emma Dunkanın Sudandan olan bir oğlanı necə qonaq etdiyi barədə hekayəsini oxuyanda onun səxavətinə heyran qaldım. Bununla belə, dil baryerini aşaraq bir qəriblə yüksək səviyyəli söhbətlər aparmağa çalışdığımız görüntülər beynimdə canlanarkən ürpəndim. Xüsusilə, söhbətdə baxışlar və dəyərlər fərqi ilə bağlı xoşagəlməz məqamların birdən ortaya çıxacağından çox qorxurdum.
Bir gün oğlum gəlişindən cəmi bir neçə saat sonra özünü qatı antisemit kimi göstərmiş bir dostunu evimizə dəvət etdi. Çox sıxıcı idi… Uzun illər əvvəl həyat yoldaşım və mən bir neçə gecəlik evimizə bir polşalı oğlanı – ailəmizin uzaq keçmişdən olan köhnə dostunu dəvət etdik. Tadeuş kifayət qədər gözəl idi. Lakin onun da, heyrətamiz dərəcədə darıxdırıcı olduğu ortaya çıxdı. Onunla qaldığım hər dəqiqə bir saata çevrildi… İndi siz deyin, dilini bilmədiyim, dinini anlamadığım tam bir yabançıyla bir damın altında necə qalmaq olar. Nə olsun ki, rusun zülmündən qaçıb gəlib. Axı, bu yabançı bizim həyatımızı və əhvalımızı korlaya bilər….
Robert Krampton, “The Times”, Böyük Britaniya.
Tərcümə etdi: Lətif.A,
KONKRET.az
