Son günlər sosial şəbəkələrin Azərbaycan seqmentində açıq havada maska taxmağın əleyhinə #nəfəsalaq heşteqi ilə kampaniya başladılıb. Belə ki, sosial şəbəkə istifadəçiləri açıq havada maska taxmağın fəsadları barədə fikirlərini paylaşır və sonuda sözügedən heşteqdən istifadə edirlər. Bəs bu duruma həkimlərin reaksiyası necədir?
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən həkim uroloq-androloq, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl açıq havada maska taxılmasına qarşı etiraz edənlərə irad bildirdi və bu kampaniyanı qətiyyətlə dəstəkləmədiyini qeyd etdi:
“Eynək taxan biri kimi ilin istənilən fəslində maska taxmaq mənim üçün daha əziyyətlidir. Maska taxmaq bəzi insanların ciddi psixoloji sarsıntı keçirməsinə səbəb olur. Bunları başa düşürəm.Açıq havada 2 metr ətrafda insan olmasa, maska taxmaq qaydasının heç bir tibbi əsası yoxdur. Lakin verilən qərar tamamilə adminstrativ ehtiyacdan irəli gəlir. Necə? Bundan əvvəl ətrafda insan yoxdursa, maskanı aşağı salmaq mümkün idi. İnsanlar da kütləvi şəkildə bundan istifadə edərək maska taxılma rejimini pozurdular. Hüquq-mühafizə orqanları əməkdaşları ilə sözlü polemikaya girirdilər. Buna görə də açıq havada maska taxmaq məcburiyyəti gətirildi. İndiki zamanda epidemiyanın mümkün olduqca tez bitməsi üçün tədbirləri dəstəkləmək lazımdır. Nəfəs alaq kampaniyasının isə əksinə buna mane olduğunu düşünürəm… Və dəstəkləmirəm!”
