Meksikada 25 yaşlı məşhur TikTok blogeri Sezar Qastelum canlı yayım zamanı silahlı hücuma məruz qalaraq öldürülüb.
KONKRET.az xəbər verir ki, hadisə Sinaloa ştatının paytaxtı Kulyakan şəhərində yerləşən ticarət mərkəzindəki fast-food restoranının qarşısında baş verib.
600 mindən çox izləyicisi olan fenomen iki dostu ilə birlikdə kuryer geyimində komediya məzmunlu zarafat (prank) videosu çəkərək canlı yayım edirdi.
Canlı yayımın gedişində iki nəfərin olduğu motosiklet onlara yaxınlaşıb. Motosikleti idarə edən şəxs Sezar Qastelumun baş nahiyəsinə atəş açıb. Bloger hadisə yerində həyatını itirib, hücum edənlər isə qaçaraq gizləniblər.
Polis əməkdaşları əvvəlcə parlaq kuryer geyiminə görə ölən şəxsi adi çatdırılma işçisi hesab etsələr də, sonradan onun tanınmış sosial media fenomeni olduğu müəyyən edilib.
Hadisədən sonra TikTok administrasiyası canlı yayımı dayandırıb. Buna baxmayaraq, hücumun görüntüləri sosial şəbəkələrdə yayılmağa davam edib.
Məlumata görə, bu hadisə son illər Meksikada sosial media fenomenlərinə qarşı törədilən silsilə qətllərin növbəti halıdır. Mütəxəssislər bu cinayətlərin əksəriyyətini narkokartellərin fəaliyyəti ilə əlaqələndirirlər. Sinaloa ştatı uzun müddətdir kriminal qruplaşmalar arasında qanlı qarşıdurmaların yaşandığı bölgələrdən biri hesab olunur.
Xatırladaq ki, 2024-cü ildə məşhur bloqer Leobardo Ayspuro (“El Gordo Peruchi”) güllələnərək öldürülüb. Həmin il 29 yaşlı yutuber Migel Vivanko (“El Hasper”) isə əlləri bağlanmış və gözləri örtülmüş vəziyyətdə ölü tapılıb. Polis onun “Los Çapitos” kartelinin üzvləri tərəfindən qətlə yetirildiyini ehtimal edib.
Bundan başqa, 21 yaşlı TikTok fenomeni Karla Pardini silahlı hücum nəticəsində həyatını itirib. Bu ilin yanvarında isə narkobaron Xoakin “El Çapo” Qusmanın təsviri olan məhsullar satan OnlyFans modeli Nikol Pardo Molina qaçırılıb.
Sezar Qastelumun qətli bu yaxınlarda “Xalisko – Yeni Nəsil” (CJNG) kartelinin liderlərindən biri Ramon Anxel Alvares Ayyalanın (“El R1”) saxlanılmasından sonra baş verib. O, daha əvvəl məşhur bloger Valeriya Markesin sifarişli qətlini təşkil etməkdə ittiham olunur.
Natiq Səlim,
KONKRET.az
