Gözəllik naminə insanlar tarix boyu nələrə əl atmayıblar?! Hətta ən ibtidai qəbilələrdə belə gözəl görünmək üçün müxtəlif vasitələrdən istifadə edilib, saysız-hesabsız əziyyətlərə qatlanılıb. Bəs siz gözəllik uğrunda sağlamlığınızı, hətta həyatınızı riskə atmağa hazırsınızmı?
Bu mövzuda əhatəli statistikanın aparılıb-aparılmadığını bilmirəm. Ancaq qarşıma çıxan bəzi maraqlı tarixi faktları sizinlə bölüşmək istərdim.
Əslində, gözəllik naminə ölüm riskini gözə almaq heç də yeni hadisə deyil. Üstəlik, sağ qalmağı bacaranların ödədiyi bədəl də heç də az olmayıb.

Məsələn, ağ dərinin zadəganlıq və yüksək sosial status göstəricisi sayıldığı dövrlərə nəzər salaq. İngiltərə kraliçası I Elizabet üzünü daha ağ göstərmək üçün tərkibində zəhərli maddələr olan ağardıcı pudradan – üstübeçdən istifadə edirdi. Bu kosmetik vasitə onun dərisində sağalmayan yaraların yaranmasına səbəb olmuşdu. Kraliçanın çıxış yolu isə həmin yaraları gizlətmək üçün üzünə daha qalın pudra çəkmək idi. 1603-cü ildə vəfat edərkən üzünün qalın ağ kosmetik qatının altında, demək olar ki, maskanı xatırlatdığı bildirilir.
XVII əsrdə yaşamış italiyalı Tofana di Adamo ilə bağlı əhvalat isə daha dəhşətlidir. Onun hazırladığı «Aqua Tofana» adlı maye zahirən kosmetik vasitə təsiri bağışlasa da, əslində, tərkibində arsen olan güclü zəhər idi. Bu maddədən istifadə edən qadınların ərləri müəmmalı şəkildə həyatlarını itirirdilər. Hadisələrlə bağlı mənbələrdə yüzlərlə ölüm faktından bəhs olunur. Qurbanların sayının 600-ə çatdığı barədə rəvayətlər də var. Nəhayət, Adamo həbs edildi və hazırladığı qarışığın ölümcül təsiri üzə çıxdı.
Üz dərisini ağartmaq üçün üstübeçdən istifadə daha qədim dövrlərə gedib çıxır. Orta əsrlərdə və sonrakı əsrlərdə Avropada dəriyə ağ rəng vermək üçün qurğuşun tərkibli kosmetik vasitələrdən geniş istifadə olunurdu. Bu maddələr insan sağlamlığı üçün son dərəcə təhlükəli idi. Həmin dövrlərdə üzün ağlığı qədər yanaqların qırmızı görünməsi də dəbdə idi. Bu məqsədlə isə civə-sulfid tərkibli, zəhərli sülügəndən istifadə edilirdi. Gözəllik anlayışı o qədər güclü idi ki, insanlar sağlamlıqlarını təhlükəyə atdıqlarının fərqində olsalar belə, bu vasitələrdən imtina etmirdilər.
İndi isə daha qədim dövrlərə qayıdaq. Təxminən 6-8 min il əvvələ necə baxırsınız? Bəli, söhbət yenə də qədim Misirdən gedir. Bu mövzuya toxunmadan keçmək mümkün deyil.
Arxeoloji tapıntılar göstərir ki, qədim misirlilər hələ eramızdan əvvəl VI minillikdə üzə çəkilən toz və göz boyalarının hazırlanmasında istifadə olunan alətlərə malik idilər. Sonrakı minilliklərdə isə makiyaj mədəniyyəti daha da inkişaf etdi, kosmetik vasitələrin hazırlanması və ətir istehsalı geniş yayıldı.
Xüsusilə göz makiyajı çox populyar idi. Gözlər üçün yaşıl rəngə üstünlük verilirdi, dodaqlar mavi-qara, yanaqlar isə qırmızı rəngə boyanırdı. Ölümdən sonrakı həyata böyük əhəmiyyət verən misirlilər dəfn mərasimlərində mərhumun o biri dünyada ehtiyac duyacağı əşyaları məzara qoyurdular. Bu əşyalar arasında kosmetik vasitələr də vardı. Arxeoloji tapıntılar makiyajın yalnız qadınlara aid olmadığını, kişilərin də ondan istifadə etdiyini göstərir. Qədim Misir hökmdarlarının heykəllərində və təsvirlərində makiyaj izlərini bu gün də aydın görmək mümkündür.
Təbii ki, həmin kosmetik vasitələrin bir qismi sağlamlıq üçün təhlükəli maddələrdən hazırlanırdı. Misirlilər gözlərinə çəkdikləri yaşıl boyanı mis filizlərindən əldə edirdilər. Göz qapaqlarına qalın şəkildə tətbiq olunan bu rənglə yanaşı, gözlərin konturunu, qaşları və kirpikləri vurğulamaq üçün də müxtəlif qarışıqlardan istifadə edilirdi. Bu məqsədlə toz halına salınmış antimon, qovrulmuş badam, misin qara oksidi və qəhvəyi palçıqdan hazırlanan tünd rəngli məhlullar işlədilirdi.
Qədim misirlilərin istifadə etdiyi kosmetik vasitələrin ölümcül nəticələri barədə dəqiq məlumatlar az olsa da, onların tərkibindəki bəzi maddələrin uzunmüddətli istifadəsinin, xüsusilə gözlər və dəri üçün ciddi təhlükə yaratdığını söyləmək mümkündür.
Ancaq gözəllik dedikdə yalnız makiyaj nəzərdə tutulmamalıdır. Məsələn, təxminən min il əvvəl Çində varlı ailələr arasında kiçik ayaq dəbi geniş yayılmışdı. Qız uşaqlarının ayaqları erkən yaşlarından xüsusi sarğılarla sıxılaraq kiçildilir, barmaqları dabanın altına doğru bükülürdü. Kiçik ayaqlar həm gözəllik, həm də yüksək sosial status əlaməti hesab olunurdu. Lakin bu “gözəllik” naminə qızların ayaq sümükləri deformasiyaya uğrayır, bir çoxu ömürlük şikəst qalır, normal yerimək qabiliyyətini itirirdi. Bu mövzunu əvvəllər geniş şəkildə işıqlandırdığım üçün üzərində çox dayanmayacağam.
Avropada nazik belə sahib olmaq arzusu ilə qadınların istifadə etdiyi korsetlər də az təhlükəli deyildi. XIX əsr mətbuatında korsetlərin həddindən artıq sıxılması nəticəsində yaranan sağlamlıq problemləri barədə çoxsaylı məlumatlara rast gəlmək mümkündür. Daxili orqanların sıxılması, nəfəsalmanın çətinləşməsi, huşunu itirmə halları bu dəbin ağır nəticələri sırasında idi. Buna baxmayaraq, qadınlar da, kişilər də korsetlərdən imtina etmirdilər. Hətta qabırğaları zədələnən, sınıq sümüklərin daxili orqanlara xəsarət yetirməsi nəticəsində həyatını itirən insanların olduğu barədə dövrün mətbuatında məlumatlar dərc edilirdi.
Myanmanın bəzi etnik icmalarında qadınların boyunlarına taxdıqları metal halqalar da fərqli gözəllik anlayışının nümunəsidir. Halqaların sayı artdıqca boyunun daha uzun görünməsi gözəllik əlaməti hesab olunur. Bu ənənənin kökündə mifik təsəvvürlərlə yanaşı, yerli estetik anlayışlar da dayanır. Uşaqlıqdan etibarən boyunlarına halqalar taxılan qadınlarda çiyin qurşağının və döş qəfəsinin görünüşü zamanla dəyişir. Boynun həqiqətən uzanması deyil, halqaların çiyinləri aşağı sıxması nəticəsində uzunluq illüziyası yaranır. Bu ənənənin sağlamlığa təsirləri barədə ayrıca danışmağa ehtiyac var. Hələlik həmin mövzunu da kənara qoyaq.
Bəs müasir dövrdə vəziyyət necədir? Xüsusilə gənclər arasında arıq bədən quruluşuna sahib olmaq naminə yaranan təzyiq və sağlamlıq problemləri barədə nə deməliyik? Anoreksiya kimi ciddi qidalanma pozuntuları gənc insanların həyatına son qoya bilir. Arıqlama çayları və sürətli çəki itkisi vəd edən müxtəlif vasitələrin yaratdığı fəsadlar da artıq sirr deyil.
İdman salonlarında qısa müddətdə əzələ kütləsi toplamaq istəyənlərin nəzarətsiz şəkildə istifadə etdikləri preparatlar da ayrıca narahatlıq doğurur. Xüsusilə hormonal və anabolik maddələrin həkim nəzarəti olmadan qəbulu ürək-damar sisteminə ciddi zərər vura, hətta ölümcül nəticələrə səbəb ola bilər. Gənc idmançıların sağlamlıq problemləri və qəfil ölümləri ilə bağlı xəbərlərə tez-tez rast gəlirik.
Bu da ayrıca geniş mövzudur. Yəqin ki, gələcəkdə ona da qayıdacağam.
Bir də hündürdaban ayaqqabılar… Sizcə, bu ayaqqabılarla saatlarla gəzməyin nə qədər rahat olduğunu düşünən varmı? Daha uzun ayaqlı və cazibədar görünmək istəyən qadınların bir çoxu ayaqlarda ciddi deformasiyalara, ağrılara və digər ortopedik problemlərə səbəb ola bilən «stiletto»lardan hələ də imtina etmək istəmir.
Yazımı Hötenin adı ilə əlaqələndirilən bir fikirlə yekunlaşdırmaq istərdim: gözəllik hər kəs üçün bir ehtiyacdır, lakin onun sərhədləri də olmalıdır. Həyat enerjisini itirmiş, sağlamlığını gözəllik naminə qurban vermiş bir bədəni gözəl hesab etməyin nə mənası var?
Unutmayaq ki, gözəlliyin ilk şərti və keçilməz sərhədi sağlamlıqdır.
Hamınıza sağlam və təbii gözəllik arzulayıram!
Müəllif: Mehmet Avcı
Tərcümə etdi: Rəsmiyyə Şərifova,
KONKRET.az

