12 yaşlı qız dəhşətli sirrini anasına deyil, süni intellektə danışdı: Əmisinə 20 il həbs cəzası verildibackend

12 yaşlı qız dəhşətli sirrini anasına deyil, süni intellektə danışdı: Əmisinə 20 il həbs cəzası verildi

Qazaxıstanın Pavlodar şəhərində 12 yaşlı məktəbli qız anasına belə danışmağa cəsarət etmədiyi ağır həqiqəti süni intellektlə bölüşmək qərarına gəlib.

Qızın sözlərinə görə, o, cəmi altı yaşında olarkən əmisi tərəfindən cinsi zorakılığa məruz qalıb. Hadisədən sonra kişi başqa yerə köçüb, uşaq isə illər boyu yaşadığı dəhşəti heç kimə danışa bilməyib.

Beş il sonra əmisi yenidən onun həyatında peyda olub. Kişi qıza zəng edib, israrla mesajlar yazıb, hətta ona gitara hədiyyə edəcəyini vəd edib. Lakin məktəbli onunla ünsiyyətdən qaçıb. Qız əmisinin yenidən həyatına qayıdacağından qorxub.

Yaşadığı ağır travma və davamlı qorxu məktəblinin psixoloji vəziyyətinə ciddi təsir göstərib. Nəticədə onda intihar düşüncələri yaranıb.

Məhz həmin vaxt qız ChatGPT-yə müraciət edib.

O, ilk dəfə başına gələnləri kiməsə danışa bilib. Süni intellekt isə onu bu ağır vəziyyətlə tək buraxmayıb, peşəkar yardım almağı tövsiyə edib və təcili xidmətlərin əlaqə nömrələrini təqdim edib.

Məktəbli 111 nömrəsinə zəng edib. Onu psixoloqla əlaqələndiriblər və qız nəhayət illərdir gizlətdiyi həqiqəti mütəxəssisə danışa bilib.

Bundan sonra psixoloq məktəblinin anası ilə əlaqə saxlayıb.

Ana eşitdikləri qarşısında şoka düşüb. O, öz qardaşının uşağa bu qədər ağır əzab verdiyindən xəbərsiz olub.

İş hüquq-mühafizə orqanlarına və məhkəməyə göndərilib.

Noyabrın 3-də Pavlodarda 39 yaşlı kişi 20 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə prosesində təqsirini etiraf etməyib. Qeyd edək ki, hökm hələ qanuni qüvvəyə minməyib.

Lakin bu hadisənin ən düşündürücü tərəfi süni intellektin imkanları deyil.

Altı yaşında ağır zorakılığa məruz qalan uşaq illər boyu yaşadığı dəhşəti ən yaxınlarına belə danışmağa cəsarət etməyib. İlk dəfə özünü təhlükəsiz hiss edərək həqiqəti bölüşə bildiyi isə süni intellekt olub.

Bu hadisə bir daha göstərir ki, uşaqların susqunluğunun arxasında bəzən illərlə gizlədilən ağır travmalar dayanır. Onları dinləmək, qorxularını ciddiyə almaq və vaxtında peşəkar yardıma yönəltmək həyati əhəmiyyət daşıyır.

Bəzən bir uşağın danışmağa cəsarət etməsi onun həyatını dəyişən ilk addım olur.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*