“MİDA satışı düzgün və şəffaf təşkil etmir, proses sabotaj olunur” – İLGİNC AÇIQLAMAbackend

"MİDA satışı düzgün və şəffaf təşkil etmir, proses sabotaj olunur" - İLGİNC AÇIQLAMA

Ev almaq hər kəsin arzusudur. Lakin əhalinin maddi durumu onların fərdi mənzil sahibi olmasına münasib deyil. Buna görə də, əksər insanlar güzəştli ipoteka kreditlərinə və digər üsullara üz tutur. Azərbaycanda gənc və aztəminatlı ailələrin mənzil sahibi olması üçün yaradılan şanslardan biri də sosial mənzillərdir. Lakin təəssüf ki, sosial mənzillərin satışı qaydası heç də şəffaf və qənaətbəxş deyil. Belə ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikdiyi Yasamal yaşayış kompleksinin satışının ikinci mərhələsi bu gün başa çatıb. Satış prosesində iştirak edənlərin əksəriyyəti 500-ə yaxın mənzilin müəmmalı şəkildə 3-4 saniyədə satılmasından şikayət ediblər. MİDA rəhbərliyi vətəndaşların narazılıqları ilə bağlı telefon zənglərinə cavab verməyib.

Bəs görəsən, sosial mənzillərin həqiqətən də, ehtiyacı olan və aztəminatlı ailələrə satılması üçün hansı işlər görülməlidir? Bu özbaşınalığın qarşısı necə alına bilər?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını iqtisadçı ekspert Rəşad Həsənov cavablandırıb.

“Bu problemləri bir neçə il öncə mən gündəmə gətirmişdim. Lakin təəssüf ki, o vaxtdan bu dövrə kimi heç bir qərar qəbul edilməyib. Mənzillərin satılması ilə bağlı şərtlər və satış prosesində əhəmiyyətli dəyişikliklərə ehtiyac var ki əlçatanlıq artsın. Çünki ölkədə mənzilə, xüsusilə, güzəştli mənzillərə ehtiyac daha çoxdur. Əhalinin böyük əksəriyyəti son 20 il ərzində daşınmaz əmlak bazarında formalaşan süni vəziyyətə görə mənzil sahibi ola bilmir. 3-4 il ərzində bazara güzəştli mənzil təklif edən mexanizm var. Bugünkü şərtlər daxilində isə aztəminatlı ailələr bu mexanizmdən yararlana bilmir. Müəyyən edilən kateqoriyalar üzrə hansı şərtlər daxilində onlara mənzil almaq hüququ verildiyi müəyyən olunmayıb. Dövlət qulluğunda işləyən və 2 min manat əməkhaqqı alan şəxs nəyə görə, bu hüquqdan yararlanmalıdır? Beş evi olan bir şəxs niyə altıncı evi almaq məqsədi ilə bu yola baş vurmalıdır? Sosial mənzillərin satışı sahəsində problemlər çoxdur”.

Ekspertin fikrincə, mənzili olan şəxslərin bu mənzilləri almasına qadağa tətbiq edilməlidir:

“Son bir il ərzində mənzilini satmış, özgələşdirmiş şəxslərin bu imkanlardan istifadə hüququ məhdudlaşdırılmalıdır. Həmçinin, əməkhaqqı orta aylıq əməkhaqqından iki dəfə yüksək olan şəxslər də bu hüquqdan məhrum edilməli və az gəlirli, az təminatlı insanların mənzilə çıxış imkanları artırılmalıdır. Eyni zamanda satışın təşkili qaydaları təkmilləşdirilməlidir. Peşəkar İT bacarıqları olan və yaxud bot proqramlarından istifadə edə bilən şəxslər bazarı sabotaj edir. Böyük ehtimalla MİDA rəhbərliyinin və digər aidiyyəti qurumların da bu məsələdən xəbəri var. MİDA-nın bu təşəbbüsündən sonra “bazar” formalaşıb. Qeyri-rəsmi formada aparılan sövdələşmə əsasında müəyyən ödənişlər məbləğində həmin mənzilləri almaq xidmətləri təklif edilir. Bir otaqlı mənzil üçün 3 min, iki və üç otaqlı mənzillər üçün isə müvafiq olaraq 5 və 7 min manat vəsait tələb edirlər. Bütün bunların kökündə isə MİDA-nın satışı düzgün təşkil etməməsi dayanır. Hesab edirəm ki, növbəlilik prinsipinə əsaslanaraq vətəndaşlara mənzil verilməsi prosedurları hazırlanmalıdır. İnsanlar aylarla növbə gözləyir. Onlayn sistem var. Sadəcə olaraq qeydiyyata düşmənin reyestri aparılmalıdır ki, kimin nə vaxt qeydiyyata düşdüyü bəlli olsun. Tələbə uyğun olaraq mənzillərin tikintisi həyata keçirilməli və mənzillərin otaq sayı müəyyən edilməlidir. Əvvəlcədən ilkin ödəniş almaqla həqiqətən də, aztəminatlı və ehtiyacı olan insanlara il yarım ərzində mənzil tikilib təhvil verilə bilər. Problemin həlli üçün çox sadə üsullar var. Lakin MİDA son illər ərzində uğursuz yanaşmasını davam etdirir”.

Şəbnəm Mehdizadə,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*