Tacikistanda Rusiya Daxili İşlər Nazirliyinin pasport və viza xidmətinin filialı açılacaq.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tacikistan hökuməti razılıq verib.
Rusiya Daxili İşlər Nazirliyinin nəzdindəki “Pasport və Viza Xidməti” Federal Dövlət Unitar Müəssisəsi direktorunun birinci müavini Sergey Kulikov bildirib ki, ölkəsi Tacikistan ərazisində özünün pasport və viza xidmətinin işini təşkil etmək qərarına gəlib:
“Rusiya Daxili İşlər Nazirliyinin Pasport və Viza Xidmətinin Tacikistanda filialının açılması (miqrantların) səfərə başlamazdan əvvəl sənədlər paketinin hazırlanması üzrə işin təxminən 80 faizini təşkil etməyə imkan verəcək. Rusiya Federasiyasının ərazisində, Tacikistan vətəndaşları – yəni iş icazəsi olan əmək miqrantları dərhal işə başlaya biləcəklər” – Kulikov vurğulayıb.
Qeyd olunur ki, respublika vətəndaşları yola düşməzdən əvvəl tibbi müayinədən keçmək, təklif olunan iş şəraiti, əmək müqaviləsi, əmək haqqı ilə tanış olmaq və vasitəçisiz qərar qəbul etmək imkanı əldə edəcəklər. Kulikov bildirib ki, sənədləşmə prosesinin və əmək fəaliyyətinin sadələşdirilməsi təklifi dəstəklənərsə, xidmətin işçi qrupu Tacikistana getməyə hazırdır.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirmişdi ki, miqrant işçilərin tikinti, ictimai iaşə, nəqliyyat və xidmət sektorlarına kütləvi şəkildə cəlb edilməsi Rusiya vətəndaşlarının işlə təminatına mane olur.
Müşviq Tofiqoğlu,
KONKRET.az
