“Musiqiçilərimiz smokinq əvəzinə zireh geyinirlər. Onlar yaralılar üçün xəstəxanalarda mahnı oxuyurlar”.
KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski 64-cü “Qremmi” musiqi mükafatları mərasimindəki videomüraciətdə bildirib.
O, musiqiçiləri susmamağa, bütün mümkün kommunikasiya kanalları ilə Rusiyanın Ukraynaya qarşı müharibəsindən danışmağa çağırıb.
“Müharibə haqqında sosial şəbəkələrinizdə, televiziyalarınızda həqiqəti söyləyin. Bizə nə olursa olsun, dəstək olun, amma susmayın. Bütün şəhərlərimizi müharibə dağıdıb – Çerniqov, Xarkov, Volnovaxa, Mariupol və başqaları. Onlar artıq əfsanədirlər. Amma mənim arzum var ki, onlar da yaşasınlar və “Qremmi” səhnəsində sizin kimi azad olsunlar”- Zelenski əlavə edib.
Zelenskinin müraciətindən sonra amerikalı müğənni Con Legend, ukraynalı artistlər Lyubov Yakımçuk, Mika Nyuton və Suzanna İgidan “Free” mahnısını ifa ediblər. Xatırladaq ki, daha əvvəl “Oskar” mərasimində bir çox ulduz təşkilatçıları Ukrayna Prezidentini dəvət etməyə çağırsalar da, Zelenskinin çıxış etməsinə icazə verilməyib.
İqbal Rzayev,
KONKRET.az
