Müstəqilliyimizin 106 yaşı tamam oldu – ŞƏRHbackend

Müstəqilliyimizin 106 yaşı tamam oldu - ŞƏRH

106 il öncə Azərbaycan günəş kimi parladı və dünya tarixinə demokratik respublika bəxş etdi. Türk və İslam Dünyasında ilk dünyəvi, demokratik, hüquqi dövləti qurmaqla örnəyə çevrildi. Bu, çox şərəfli və qürurverici tarixi hadisədir!

Dövrünün böyük öndəri olan Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması tariximizin ən önəmli hadisələrindəndir.

Cəmi 23 il ərzində Cümhuriyyət qurucuları böyük nailiyyətlərə nail oldular. Bakı, Qarabağ, Naxçıvan rus-daşnak işğalçılarından azad edildi, milli hökumət Gəncədən Bakıya köçdü. Azərbaycanın bütövlüyünü təmin etmək, dövlət rəmzlərini, milli ordu, milli valyuta, milli bank yaratmaq, demokratik və iqtisadi islahatlar aparmaq, azad seçkilər keçirmək, beynəlxalq əlaqələri gücləndirmək, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınmasına nail olmaq və sair məsələlər üzrə mühüm addımlar atıldı. Qadınların seçki hüququnun verilməsi baxımından Azərbaycan nəinki türk və islam ölkələrini, hətta demokratiyanın beşiyi hesab olunan Amerika Birləşmiş Ştatlarını qabaqladı.

O zaman da qardaş Türkiyə hər mənada yanımızda idi. Osmanlı dövləti  bir neçə gün sonra – 4 iyun 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətini rəsmən tanıyan ilk dövlət olmuşdu.

Çox gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə AXC elə parlaq fəalliyyət göstərdi ki, sovet imperiyası bütün amansız repressiyalarına baxmayaraq, onun qoyduğu izləri heç bir zaman xalqımıza unutdura bilmədi.

SSRİ-nin ən güclü vaxtında – 1956-ci il mayın 28-də Cahid Hilaloğlu və Çingiz Abdullayev adlı iki soydaşımız Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümü münasibəti ilə cümhuriyyətin üçrəngli bayrağını Qız qalasının üzərinə sancırlar. Bu hadisə onların cəzalandırılması ilə nəticələnir…

Amma milli azadlıq hərəkatında ilk fürsət yaranan kimi – 1988-ci ilin noyabrında Cümhuriyyətin üçrəngli bayrağı Azadlıq meydanına gətirildi və xalqın müstəqillik, azadlıq arzusunu daha da coşdurdu.

Xalqımız Məhəmməd Əmin Rəsulzadənin və məsləkdaşlarının qoyub getdikləri siyasi irsə sahib çıxdı. Cəmi 3 il sonra Azərbaycanın müstəqilliyinin bərqərar olmasına nail olduq və Konstitusiyamızda ölkəmizin məhz AXC varisi olduğu göstərildi.

Bu gün qürurla demək olar ki, Prezident İlham Əliyevin misilsiz xidmətləri nəticəsində türk dünyasının bütün görkəmli siyasətçilərinin və dövlət xadimlərinin hamısının, o cümlədən Cümhuriyyət qurucularının arzuları gerçəkləşib.

Dünyanın nüfuzlu ölkələri sırasında özünəməxsus ağırlıqla və qürurla addımlayan müstəqil Azərbaycan dövləti öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa edib və Cənubi Qafqaz bölgəsinın lider ölkəsinə çevrilib.

Qarabağdakı parlaq qələbəmizdən sonra – 15 oktyabr 2021-ci il tarixindən isə İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 28 May Müstəqillik Günü kimi qeyd edilir.

Daha “hər gələcək mayıs üçün nisan ağlamır”. Deməli, istiqlal şairimiz Əhməd Cavadın da ruhu sakitlik tapıb.

Müstəqillik Günümüz Mübarək!

Tanrı bu günün var olması yolunda fədakarlıq göstərən, canlarından keçən bütün əcdadlarımıza, siyasətçilərimizə, hərbçilərimizə qəni-qəni rəhmət eləsin!

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*