Sentyabrın 28-də Rusiyanın Belçikadakı səfirliyi Facebook səhifəsində yaydığı açıqlamada NATO ölkələrini “Kalininqrad vilayəti ətrafında hərbi-siyasi vəziyyəti gərginləşdirməkdə”, eləcə də Rusiya Federasiyasının bu regionuna münasibətdə “təxribat xarakterli bəyanatlar və addımlar” atmaqda ittiham edib.
KONKRET.az xəbər verir ki, səfirliyin açıqlamasına görə, Moskva NATO-nu Rusiya ilə “birbaşa silahlı toqquşma” riskinin artması barədə xəbərdar edib. Rusiya tərəfi həmçinin bildirib ki, Kalininqrad vilayətini ölkənin digər ərazilərindən təcrid etmək cəhdləri olacağı təqdirdə, mümkün təcavüzün qarşısını almaq və öz ərazisini qorumaq üçün “zəruri vasitələrə” malikdir və sərəncamında olan bütün silah arsenalından istifadə etməyə hazırdır.
NATO-nun rəsmi nümayəndəsi Ellison Hart Rusiyanın ittihamları ilə bağlı DW-nin sorğusuna cavabında bildirib ki, NATO “müstəsna olaraq müdafiə xarakterli alyansdır” və onun heç bir addımı “Rusiyanın hər hansı hissəsi üçün risk yaratmır”.
“Biz güc tətbiqi ilə bağlı təhdidləri, o cümlədən istənilən məsuliyyətsiz nüvə ritorikasını qətiyyətlə pisləyirik. Rusiyanın hibrid taktikalardan istifadə etməsi ümidsizliyin göstəricisidir. Lakin bu, bizi Ukraynaya dəstəyi dayandırmağa vadar etməyəcək. NATO ölkələrinin ərazisinin hər qarışını müdafiə etmək, güclü, hazırlıqlı və istənilən təhlükəyə qarşı dayanmağa qadir olmaq üçün bütün lazımi imkanlara sahibik”, – Hart DW-yə təqdim etdiyi yazılı açıqlamada vurğulayıb.
Ağagül Mürsəlov,
KONKRET.az
