“Naxçıvan Muxtar Respublikasında işsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası” təsdiqlənib.
KONKRET.az xəbər verir ki, bununla bağlı qərarı Naxçıvanın Baş naziri Səbuhi Məmmədov imzalayıb.
Bu qayda Naxçıvan ərazisində işsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydasını müəyyən edir.
Özünüməşğulluğun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.
İşsizlikdən sığorta ödənişi alan işsiz şəxslərin qanunvericiliyə əsasən özünüməşğulluğa cəlb edilmədikləri bildirilir.
Qaydada yazılıb ki, qanunvericiliyə əsasən, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxslər bir il müddətində özünüməşğulluğa cəlb olunmuş işsiz şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərtilə özünüməşğulluğa cəlb edilirlər.
