Naxçıvanla sərhəddə 70 milyonluq zavodu məşhur generalın qardaşı tikirbackend

Naxçıvanla sərhəddə 70 milyonluq zavodu məşhur generalın qardaşı tikir

Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində – Yerasx (Arazdəyən) kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı etiraz bəyanatı yayıb.

KONKRET.az Yeniavaz.com-a istinadən xəbər verir ki, metallurgiya zavodunun inşası Ermənistan əhalisi tərəfindən də ciddi etirazlarla qarşılanıb.

Bildirilir ki, zavod fəaliyyətə başladıqdan sonra ətraf mühitə böyük zərər vuracaq. Lakin, zavodu tikən “GTB Steel” şirkətindən bildirilib ki, zavod Naxçıvanla sərhəddən 800 metr aralıda yerləşir. Yaxınlıqda flora və fauna, münbit torpaq qatı, tarixi abidələr və mühafizə olunan təbiət əraziləri yoxdur.

Məlumat üçün bildirək ki, zavodun tikintisinə 70 milyon dollar sərmayə qoyulacaq. Hündürlüyü 30 metr, sahəsi 16 min 500 kvadratmetr olan binada yerləşəcək zavod ildə 180 000 ton məhsul istehsal edəcək. Müəssisənin tikintisinə artıq 200 nəfər cəlb olunub və işə salındıqdan sonra işçilərin sayı 1000 nəfərə çatacaq.

Ermənistan mətbuatı yazır ki, zavodu Ermənistanın keçmiş müdafiə naziri və baş naziri olmuş Vazgen Sarkisyanın qardaşı Armen Sarkisyanın kürəkəni (qızının həyat yoldaşı) ilə ABŞ-da yaşayan hindistanlı iş adamı tikir. Şirkətdə hər birinin payı 50% təşkil edir.

Qeyd edək ki, Vazgen Sarkisyan Ermənistanın “Milli Qəhərəmanı” olub, 1999-cu ildə Ermənistan parlamentində baş verən terror nəticəsində öldürülüb. Onun ölümündən sonra qardaşı Aram Sarkisyan 1999-2000-ci illərdə Ermənistanın baş naziri olub. Aram Sarkisyan daha sonra verdiyi açıqlamada qardaşının (Vazgen Sarkisyan) öldürülməsində Ermənistanın sabiq prezidenti Rober Koçaryanın əlinin olduğunu bildirib.

Vazgen Sarkisyan 1991-ci ildən 1992-ci ilə qədər, sonra isə 1995-ci ildən 1999-cu ilə qədər Ermənistanın ilk müdafiə naziri olub. 11 iyun 1999-cu il tarixdən oktyabrın 27-dək – öldürülməsinə qədər Ermənistanın baş naziri vəzifəsini icra edib. Qarabağın işğal olunması zamanı Ermənistan ordusuna rəhbərlik edib.

Aram Sarkisyan hazırda “Respublika” partiyasının sədridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*