Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası yeni, genişləndirilən və yenidən qurulan neft və neft məhsulları anbarlarının layihələndirilməsi üçün vahid məcburi tələbləri müəyyən edən “Neft və neft məhsulları anbarları. Layihələndirmə normaları” adlı texniki normativ hüquqi aktı təsdiq edib.
KONKRET.az xəbər verir ki, sənəd neft və neft məhsulları anbarlarının yaşayış məntəqələri, nəqliyyat və mühəndis infrastrukturu obyektləri ilə münasibətdə təhlükəsiz yerləşdirilməsinin təmin edilməsinə, habelə bu obyektlərin ətraf mühitə mümkün təsirinin minimuma endirilməsinə xidmət edir.
Normativ sənəddə yanğın və ekoloji təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib. Layihələndirmə zamanı yanğınların baş verməsinin və yayılmasının qarşısının alınmasına yönəlmiş mühəndis həllərinin tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, ətraf mühitə təsirin qiymətləndirilməsinin (ƏMTQ) nəticələrinin nəzərə alınması, torpağın, su obyektlərinin və atmosfer havasının mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsi ilə bağlı tələblər müəyyən edilib.
Yeni normaların qüvvəyə minməsi ilə Azərbaycan Respublikasının ərazisində əvvəllər tətbiq edilən СНиП II-106-79 “Neft və neft məhsulları anbarları” normativ sənədinin qüvvəsi dayandırılır.
Layihələndirmə normaları ilə aşağıdakı linkə keçid edərək tanış ola bilərsiniz:
