Nikol Paşinyan 5 il öncə niyə Rusiya vətəndaşını müdafiə naziri vəzifəsinə təyin edib?backend

Nikol Paşinyan 5 il öncə niyə Rusiya vətəndaşını müdafiə naziri vəzifəsinə təyin edib?

44 günlük müharibədəki məğlubiyyətdən dərhal sonra Nikol Paşinyan Ermənistanın müdafiə nazirini dəyişdi. Bu vəzifəyə Paşinyanın baş müşaviri və yaxın adamı Vaqarşak Arutyunyan təyin edildi. Hansı ki, o, 2000-ci illərin əvvəllərində böyük bir qalmaqalla ordudan qovulmuş və general-leytenant rütbəsindən məhrum edilmişdi, lakin 2019-cu ilin avqustunda Nikol Paşinyanın müdaxiləsi ilə ali hərbi rütbəsi bərpa olunmuşdu.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

Nəşr yazır: “Müdafiə naziri təyin edilməzdən əvvəl Vaqarşak Arutyunyan Paşinyanın baş müşaviri vəzifəsini tutur və hərbi bloka kuratorluq edirdi. Hazırda o, həmçinin Mərkəzi Seçki Komissiyası tərəfindən deputatlığa namizəd kimi qeydiyyata alınıb.

Nikol Paşinyan tərəfindən müdafiə naziri təyin edilən Vaqarşak Arutyunyanın vəzifəyə başladığı anda və ehtimala görə, hazırda da xarici dövlətin — Rusiya Federasiyasının vətəndaşı olması barədə məlumatlar yayılıb. Arutyunyan pasportunu 2 iyul 2015-ci ildə Rusiya Federal Miqrasiya Xidmətinin Rostov vilayəti üzrə şöbəsindən alıb və Rusiya Federasiyası, Rostov vilayəti, Kamensk-Şaxtinski şəhəri, Puşkin küçəsi, ev 28 ünvanında qeydiyyatdadır.

Fərdi məlumatların qorunması haqqında qanunvericiliyin tələblərinə əsasən, cənab Arutyunyanın pasport nömrəsi dərc edilməyib. Ermənistan Konstitusiyasına görə, yalnız Ermənistan Respublikası vətəndaşı olan və seçki hüququna malik şəxs müdafiə naziri təyin edilə bilər”.

Qəzet qeyd edir ki, Paşinyan aşağıdakı suallara cavab verməyə borcludur:

O, Vaqarşak Arutyunyanın Rusiya vətəndaşı olduğunu bilirdimi və Ermənistan Konstitusiyasını qəsdən pozaraq xarici dövlətin vətəndaşını respublikanın müdafiə naziri vəzifəsinə təyin etməklə xidməti mövqeyindən sui-istifadə edibmi?

Paşinyan vəziyyətə kifayət qədər bələd olmayıb və Ermənistan Silahlı Qüvvələrində ən məsuliyyətli vəzifəyə xarici dövlətin vətəndaşını təyin edərək ona ali hərbi rütbələr veribmi?

Mərkəzi Seçki Komissiyası Rusiya vətəndaşı olduğu ehtimal edilən və qarşıdakı seçkilərdə “səsləri parçalayan” rolunu oynaya biləcək Vaqarşak Arutyunyanı deputatlığa namizəd kimi necə qeydiyyata alıb?

“Yeri gəlmişkən, mənbələrimiz ötürür ki, Vaqarşak Arutyunyan nazir vəzifəsini tutduğu zaman Rusiya vətəndaşlığına malik olan yeganə məmur deyil. Xatırladaq ki, bir neçə ay əvvəl mətbuatda Nikol Paşinyanın doğma qardaşının da Rusiya Federasiyası vətəndaşlığına sahib olması barədə məlumatlar yayılmışdı”, — deyə nəşr vurğulayır.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*