Növbəti seçkilərdə bu deputatların mandatı ləğv oluna bilər – AÇIQLAMAbackend

Növbəti seçkilərdə bu deputatların mandatı ləğv oluna bilər – AÇIQLAMA

Milli Məclisdə bəzi deputatların plenar iclaslarda çıxış etməməsi, müzakirələrdə fəal iştirak göstərməməsi və seçicilərlə görüşlərə kifayət qədər yer ayırmaması zaman-zaman müzakirə mövzusuna çevrilir. Deputatın əsas vəzifələrindən biri seçicilərin problemlərini parlamentin gündəminə gətirmək və qanunvericilik prosesində fəal iştirak etmək olduğundan, fəaliyyətsiz deputatlarla bağlı hansı mexanizmlərin tətbiq oluna biləcəyi sual doğurur.

Bəs Milli Məclisdə passiv mövqe tutan, seçicilərin problemlərini səsləndirməyən deputatların mandatı ləğv edilməlidirmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, parlamentdə fəal mövqe nümayiş etdirən deputatlarla passiv fəaliyyət göstərənlər arasında fərq olmalıdır.

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir” | Modern.az

Onun sözlərinə görə, seçicilərlə mütəmadi görüşən, onların problemlərini araşdıran və cəmiyyətin gündəmində olan məsələləri Milli Məclisin müzakirəsinə çıxaran deputatların fəaliyyəti ilə heç bir məsələdə mövqe bildirməyən deputatların fəaliyyəti eyni qiymətləndirilməməlidir:

“Qanunvericilik aktlarının hazırlanmasında və müzakirəsində iştirak edən, seçicilərlə mütəmadi görüşən, onların problemlərinin həllinə çalışan, ictimaiyyəti narahat edən məsələləri Milli Məclisin gündəliyinə çıxaran şəxslərlə passiv şəkildə oturan, heç bir məsələyə münasibət bildirməyən deputatlar arasında fərq olmalıdır”.

Akif Nağı qeyd edib ki, hazırda deputatın parlamentdə passiv fəaliyyət göstərməsinə görə mandatının avtomatik ləğv edilməsini nəzərdə tutan konkret prosedur yoxdur. Onun fikrincə, belə hallara daha çox növbəti seçkilər zamanı qiymət verilməlidir.

“Bunu sadəcə növbəti seçkilər üçün nəzərə almaq lazımdır. Həmin deputatlar növbəti dəfə namizədliklərini irəli sürməməlidirlər. Seçicilər də onların yenidən namizəd olmasını istəmədiklərini bildirə bilərlər. Digər instansiyalar tərəfindən də onların fəaliyyətinə qiymət verilməlidir. İnsan seçilibsə, niyə passiv mövqe tutur? Nə üçün həmin yeri tutur, niyə başqa bir şəxsin fəaliyyət göstərməsinə imkan vermir?” – deyə partiya sədri vurğulayıb.

Partiya sədri hesab edir ki, deputat cəmiyyət qarşısında aktiv ictimai mövqeyə malik olmalı, komitə və plenar iclaslardakı müzakirələrdə iştirak etməli, ictimaiyyəti narahat edən məsələlərə münasibət bildirməlidir.

“Bəzi deputatları tədbirlərdə və ya televiziyada görəndə elə bilirsən ki, ilk dəfədir görürsən. Deputat cəmiyyət tərəfindən tanınmalıdır. Onun tanınması da parlamentin fəaliyyətində iştirakı ilə bağlıdır. Komissiyalarda müzakirələrdə iştirak etməli, fikirlərini bildirməli, plenar iclaslarda çıxış etməlidir. Cəmiyyəti narahat edən məsələlərə münasibəti olmalıdır. Deputat publik şəxsdir və cəmiyyət onu tanımalıdır. Cəmiyyət deputatı tanımırsa, bu, həmin şəxs üçün mənfi haldır”, – deyə Akif Nağı bildirib.

Onun sözlərinə görə, hazırkı parlamentdə passiv deputatların fəaliyyətinə görə onları mandatdan kənarlaşdırmağa imkan verən mexanizm yoxdur. Buna görə də əsas məsuliyyət seçicilərin və növbəti seçkilərin üzərinə düşür.

“Belə deputatların parlamentdən kənarlaşdırılması üçün hazırda mexanizm yoxdur. Ya özləri könüllü şəkildə uzaqlaşmalıdırlar, ya da seçicilər onları geri çağırmalıdır. Hər halda bu, çətin prosesdir. İnanmıram ki, kimsə öz deputatlığından könüllü imtina etsin. Amma növbəti seçkilərdə belə passiv deputatların fəaliyyəti nəzərə alınmalıdır”, – deyə partiya sədri əlavə edib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*