Ödəmə terminallarının yeni qərarına ekspertdən etiraz: “Heç bir iqtisadi məntiqə sığmır”backend

Heç bir iqtisadi məntiqə sığmır” - Ekspertdən ödəmə terminallarının yeni qərarına ETİRAZ

Müasir dövrdə texnologiyanın inkişafı bizə kommunal xərclərdən tutmuş, market alış-verişlərinə qədər bütün ödəmələrimizi debet kartla etmək imkanı yaradıb. İndiyə kimi ödəmə terminallarında kartımıza rahatlıqla mədaxil edirdik. Lakin son dövrlərdə bu sahədə bəzi problemlər yaranıb. Belə ki, ödəmə terminalları bankların debet kartına mədaxil üçün müştəridən müəyyən faiz tutmağa başlayıb. Hələlik bu komissiya haqqı yalnız bir bankın kartına aid edilir. Lakin məsələ çoxsaylı insanların etirazına səbəb olub.

Bəs görəsən, ödəmə terminallarının karta mədaxil zamanı əlavə komissiya haqqı tutması nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, belə hallar nağdsız ödənişlərə olan marağı azaldır:

“Əslində vətəndaşlardan belə rüsumların tutulması həmin qurumların göstərdiyi xidmətə görə çəkilən məsrəflərlə izah olunur. Məlumdur ki, banklar göstərdiyi xidmət üçün köçürmələr zamanı müəyyən komissiya haqqı tutur. Lakin bəzən banklararası pulköçürmə əməliyyatlarında elə rüsumlar tətbiq olunur ki, insanların nağdsız əməliyyatlara olan marağı azalır. Vətəndaşların çoxu belə hallara görə pulköçürməni imkan daxilində köhnə üsullarla edir. Çünki nağdsız ödənişləri təşviq etmək istəyiriksə, belə məqamları nəzərə almalıyıq”.

Ekspertin fikrincə, Azərbaycanda pulköçürmə sahəsində göstərilən xidmətlər qənaətbəxş deyil:

“Banklar, terminallar və digər qurumlar bununla əslində özünə ziyan vurmuş olur. Əlavə rüsum ödənişləri elə səviyyədə müəyyən edilməlidir ki, nağdsız ödənişlərə maraq yaransın. Banklar pulköçürmə prosesində müştəridən rüsum tutur. Digər tərəfdən ödəmə terminallarının da müştərilərdən komissiya haqqı alması düzgün deyil. Belə olan halda vətəndaş eyni əməliyyat üçün iki dəfə rüsum ödəməli olur ki, bu da heç bir iqtisadi məntiqə sığmır. Əslində eyni əməliyyata görə, rüsum birtərəfli qaydada tutulmalıdır. Ya bank, ya da ödəmə terminalı komissiya haqqı tuta bilər. Hər iki qurumun vətəndaşdan pul alması ölkəmizdə pulköçürmə xidmətinin aşağı səviyyədə olmasından xəbər verir”.

Şəbnəm Mehdizadə,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*