backend

Olimpiadanın qalibi olan Azərbaycan şahmatçıları Vətənə qayıtdı

Türkiyənin Çorum şəhərində keçirilmiş on altı yaşadək şahmatçılar arasında Olimpiadanın qalibi olan təmsilçilərimiz noyabrın 6-da Vətənə qayıdıblar.

KONKRET.AZ AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan şahmat tarixinə daha bir şərəfli səhifə yazan gənc şahmatçılarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda ailə üzvləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri böyük coşqu ilə qarşılayıblar.

Olimpiadada ölkəmizi “Azərbaycan” və “Azərbaycan-Naxçıvan” komandaları təmsil edib. Vüqar Manafov, Əhməd Əhmədzadə, Məhəmməd Muradlı və Aydın Süleymanlıdan ibarət “Azərbaycan” komandası Olimpiadada 16 xal toplayaraq qızıl medallara sahib olub. İlk turlardan uğurlu çıxışı ilə yadda qalan “Azərbaycan” komandası yüksək səviyyəli oyun nümayiş etdirərək Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan, Yunanıstan və Çin komandalarını məğlub edib. Təkcə Özbəkistan və Ukrayna yığmaları ilə heç-heçə edən şahmatçılarımız liderliyi sonadək qoruyub saxlayıblar.

“Azərbaycan-Naxçıvan” komandası isə 8 xalla 29-cu yerdə qərarlaşıb. İkinci yeri 15 xalla Özbəkistan, üçüncü yeri isə 14 xalla Belarus komandaları tutublar.

Yeniyetmə şahmatçılarımızdan ibarət komandamızın qazandığı bu uğur ölkəmizdə güclü şahmatçı nəslinin yetişdiyini bir daha sübut edir. Komandamızın heyətində mübarizə aparan idmançılardan ən yüksək nəticəni Aydın Süleymanlı qazanıb. Doqquz turda yeddi xal qazanan istedadlı şahmatçı gələcəkdə daha böyük perspektivlər vəd edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*