Tacikistan Ali Məhkəməsi xaricdəki müxalif qrupları birləşdirən Milli Alyansla əlaqəli 30 sayt və səhifəni blok edib.
KONKRET.az-ın Orta Asiya bürosu xəbər verir ki, məhkəmə qərarı dünən dərc edilib. “Qara siyahı”ya “Bgi dega”, “Ozodandeşon” və “Kimiyoi saodat” səhifələri daxil edilib. Tacikistan müxalifətinin nümayəndələri məhkəmə qərarını hələ şərh etməyiblər.
Tacikistan Ali Məhkəməsi bir ya əvvəl Tacikistan müxalifətini xaricdə birləşdirən Tacikistan Milli Alyansını ekstremist və terror təşkilatı olaraq tanımışdı. 2018-ci ildə qurulan bu alyansa dörd müxalif qrup daxildir – ölkədə qadağan edilmiş “Tacikistan İslam Dirçəliş Partiyası”, “Tacikistan Azad düşüncələr konqresi”, “Tacikistanın İslahat və İnkişafı” və “Orta Asiya Miqrantlar Konqresi”.

Milli Alyansın nümayəndələri məhkəmə qərarını konstitusiyaya zidd adlandırmışdılar. Alyansın məqsədi müxalifət qüvvələrini birləşdirmək, insan haqlarına hörmət etmək, demokratiyanı təbliğ etmək, azad və şəffaf seçkilər keçirməkdir. Tacikistan hakimiyyəti və dövlət mediası dəfələrlə alyansı İslam partiyasının “varisi” adlandırsa da, müxalifət bu nəticə ilə razılaşmır.