BAŞLAYAQ
Deyəndə ki, iki xəbər var – yaxşı və pis – hansından başlayım, adətən cavab verirlər “Pis xəbərdən”. Yaxşını məlhəm kimi sonraya saxlamaq istəyirlər.
Mən də bu gün əvvəlcə pis xəbər deyim: bilin, yaxşı xəbər yoxdur!
DƏRSİ VERİLƏCƏK
Napoleon Bonapart adada (Korsika) doğulmuş, materikə köçmüş, sonra iki dəfə adalara getmişdi. Xoşluqla yox, sürgün olunmuşdu.
Emma Makron Kaledoniyaya yollandı. Həmçinin, xoşluqla deyil, yana-yana. Müstəmləkədə yer-göy od tutub. Əsən isə Emmadır. Canı üçün əsir. Odur ki, Fransa prezidenti adaya əvvəlcə ordunu, jandarmları göndərib. Hər ehtimala qarşı arvadı olan qoca müəlliməsini aparmayıb. Birdən kiminsə gözü düşər, qaçırar. Bəs evdə dərsini kim verər?..
ADAXLIBAZLIQ
– Tanış olun, Fələstindir, – deyə Quteriş qarımıs “qız”ını təqdim etdi.
İki gün ərzində meydana üç “adaxlı” çıxdı.
İrlandiya dedi: “Avropa Birliyinin üzvüyəm. Səni də qəbul etdirərəm. Üzvlük haqqını da özüm ödəyərəm”.
Norveç hiddətləndi: “Ay Fələstina, bunlar xırdaçılıq edirlər. Neftım də var, qazım da. Çakuzidə qızıl balıqlarla çiməcəksən…”.
Don İspan şirin Aralıq dənizi dilini işə saldı: “Əzizim, biz demək olar qohumuq. Axı bir vaxt Əndəlusiya torpaqları müsəlmanların əlində olub”.
İsrail dözmədi, dilləndi:
– Ey, yolunuzu azmayın! Burada subay qız yoxdur. Yarım əsrdən çoxdur Fələstin himayəmdədir. Səhrada suyunu da verirəm, çörəyini də, işığını da… Hərdən davamız düşür. Hansı evdə olmur ki!
RUHİ MƏSƏLƏ
Yeni rus filmində köhnə xəstəlik.
İki nəfər rus turisti erməni ilə qədim tikiliyə gedir. Erməni rolunda Rusiyanın tanınmış erməni artisti oynayır. Tütəkdə hamımızın bildiyi və sevdiyi “Sən gəlməz oldun”u ifa edir.
Ruslardan biri deyir: “Bilməzdim ki, duduk belə gözəl çala bilir”.
– Çalan duduk deyil, ruhumdur, – deyə erməni zingildəyir…
İstedadlı xalqın gözəl musiqisini düdüklər də sevirlər.
DİPLOM AT
Hər şeyi ölçüb-biçən, sözünü ağır tutan, ehtiyatla davranan, danışan adamlara cəmiyyətdə “diplomat” deyirlər. Peşəkar diplomat xüsusilə fərqlənməlidir.
Dövlət katibi Entoni Blinken fərqlənməkdə davam edir.
HƏMAS 7 oktyabr faciəsini törədəndə İsrailə gedib “Buraya bir yəhudi kimi gəlmişəm” dedi. İş vaxtı?!!
İndi isə ucadan düşunür ki, İbrahim Rəisinin vəfatından sonra İran vətəndaşlarına yaxşı ola bilər.
Kimsənin ölümündə pozitiv not görmək? Olsun. Bəs islam inqilabından sonra ABŞ İranda hansı pozitiv rəhbər görüb? Olmaya, yəhudi Blinkenin könlündən Mahmud Əhmədinicat keçir? İsraili məhv etməyə çağıran, Holokostu tanımayan, yəhudiləri Yaxın Şərqdən qovmaq istəyən Mahmud!
OV MÖVSÜMÜ
Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru dövlət başçıları ovunu davam etdirir. Rusiya prezidenti Putindən sonra prokuror İsrailin baş naziri Netanyahunu hədəfə alıb.
Həmin Netanyahunu ki, ölkəsi milyon (şərti) kvadrat kilometr ərazidə yeganə demokratik respublikadır.
Həmin baş nazir ki, dinc sakinlərə qarşı qanlı təcavüz edilən kimi, hakimiyyəti müxalif siyasi qüvvələrlə bölüşdü.
Bəlkə də kimsə bu gün İsrailin baş naziri olmaqdansa, terrorçuların əlində girov qalmağa üstünlük verər…
BAŞABƏLA BAŞÇI
Dövlət başçısı vəzifəsi necə adlansa da, onu tutan şəxs həqiqətən başçı olmalıdır. Tam səlahiyyətləri və məsuliyyəti ilə.
Lakin bəzi ölkələrdə anlaşılmazlıq yaranır.
Ukraynada prezident hər şeyə cavabdehdir, lakın silahlı qüvvələrin başçısı deyil. Müharibə uduzulsa (iraq, iraq!), günahkar hərbçi olacaq.
Ermənistanda, bir sıra başqa dövlətdə prezident var. Amma, rəsmi sənədləri imzalamaq, möhür vurmaq üçün. Belə “başçı” sanki dəftərxana müdiridir.
Maraqlı, yox, dəhşətli hal odur ki, bütün belə nakamlıqlar dövlət konstitusiyasında yer alıb.
Gürcüstan respublikasında prezident həm də silahlı qüvvələrin ali baş komandanıdır. Lakin parlamentin hər hansı qərarını rədd edə bilməz. Bir az əvvəl mübahisəli qanun layihəsi qəbul olunanda “Yox” dedi, amma parlament öz niyyətini təsdiqləsə, qanun qüvvəyə minəcək.
Daha gülməli hal odur ki, bir müddət öncə Salome Zurabişvilini icazəsiz (…) xarici səfərə getdiyi üçün hökumətdə danlayırdılar(!).
A.ƏZİZ
KONKRET.az
