Övladlarınızı intihara siz məcbur edirsiniz!backend

Övladlarınızı intihara siz məcbur edirsiniz!

Azərbaycanda elə bir il yoxdur ki, imtahan ərəfəsində ən azı bir şagird intihar eləməsin. Səbəb isə məlum, az bal yığmaq, universitetə qəbul ola bilməmək. Bəli, dərdlərimiz azmış kimi belə bir faciəmiz də var.

Bəs necə olur ki, şagird bu həddə çatır?

Əvvəla, məsələnin bir kökü təhsil sistemimizdir. Ol səbəb ki, şagird yazıq məktəbdə düzgün təhsil ala bilmir, daha dəqiq, ona verilən təhsil qəti şəkildə universitetinə qəbul olmağına kömək edə bilmir. Belə olanda qonşudan geri qalmaq istəməyən Azərbaycan valideyni boğazından kəsərək övladını bütün fənlərdən müəllim yanına qoyur və bununla da intiharın əsası qoyulur.

İl uzunu “Sən mütləq qəbul olmalısan, hazırlıqlarına bu qədər pul tökürəm”, “Qəbul olunmasan, gözümə görünmə”, “Camaatın uşağı qəbul olsa, sən olmasan, mən utanacam” kimi və daha sərt psixoloji basqı, hazırlaşan dövrdəki qadağalar, bir sözlə, hər şey, hər şey hələ tam formalaşmamış yeniyetmənin qorxusuna səbəb olur. Şagird də düşünür ki, onun həyatı universitetə girməsə qaralacaq, evdəki fiziki və mənəvi şiddət daha da kəskinləşək və budur, ani olaraq yanlış bir qərar da ölümünə səbəb olur. Halbuki o şagird bir qədər dözə bilsə, gələn il yenidən hazırlaşsa, lap heç o da alınmasa, hazırlaşmasa da, bir müddət sonra bu qərarın necə gülməli olduğunu görəcək. Təəssüf ki, yaş, hiss o dönəmlərdə gələcəyi görməsinə mane olur.

Əlbəttə, böyük günah valideynin üzərindədir, amma sözsüz, onlar da istəməz ki, belə bir hadisə olsun. Baxmayaraq, hər il bu hadisə ən azı bir və ya bir neçə dəfə təkrarlanır, yenə də valideynlərə görk olmur. Onlar hələ də “qonum-qonşu nə deyər” düşüncəsindən çıxa bilmirlər. Hər biri düşünür ki, mənim övladım etməz.

Niyə? Çünki Azərbaycan valideyni övladını tanımır. Çünki övladının oxumaq seçimi də valideyndən asılı olur. Əksərən ixtisasları da özləri seçirlər, “sən mütləq burada oxumalısan” deyirlər.

Sonda isə olanlar məlumdur.

Ümid edək ki, “Mənim övladım etməz” düşüncəsində olan valideynlər övladlarına qarşı basqını dayandırar, oxumasa da həyatda yaşamağın yolunun olduğunu izah edər, seçimlərinə sayğı göstərər, üstünə bu qədər gəlməz və belə hal təkrarlanmaz.

Mənbə: axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*