Parisin İÇ ÜZÜ: “Fransa və Avropa İttifaqı Azərbaycana qarşı cəbhə yaratmaqla məşğuldur”backend

Parisin İÇ ÜZÜ: "Fransa və Avropa İttifaqı Azərbaycana qarşı cəbhə yaratmaqla məşğuldur"

Ermənistanın Azərbaycan ərazisinə hücumu zamanı İran istehsalı olan dronlardan istifadə edilməsi haqda məlumatlar gündəmi əməlli-başlı silkələdi. Təbii ki, fars-molla rejiminin istehsal etdiyi silahın erməni əli ilə müsəlman Azərbaycan dövlətinə qarşı yönəlməsi ciddi tənqid olundu. Hələlik bu məsələlər araşdırılma mərhələsində olduğundan bəzi suallar açıq qalsa da, beynəlxalq aləmin mövqeyi ciddi maraq doğurur. Görəsən, İran dronlarından istifadə sübut olunsa, bu zaman Azərbaycan tərəfinin AŞPA və BMT Təhlükəsizlik Şurasına müraciət etməsi mümkündürmü? Əgər belə bir müraciət olsa, hücuma görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyaların tətbiqi reallaşa bilərmi?  

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tofiq Abbasovun sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycan tərəfi “AŞPA”ya, BMT Təhlükəsizlik Şurasına, eləcə də digər beynəlxalq təşkilatlara öz bildirişlərini etməli, sorğular göndərməlidir: “Diplomatik cəhətdən və protokol baxımından bu prosedurlar qaçılmazdır və biz onları vaxtında etməliyik. Amma bizim müraciətlərimizin hansısa nəticə verəcəyinə inanmıram. Otuz ilə yaxın müddətdə Azərbaycan torpaqlarının işğalı davam edib. Ölkəmizdə bir milyona yaxın qaçqın və məcburi köçkün olub. Humanitar çətinliklər yaşanıb. Azərbaycan hökuməti bu məsələlərlə bağlı dəfələrlə müraciət ünvanlayıb. Amma Ermənistana qarşı indiyədək bir bəyanat və ya sanksiya tətbiq olunmayıb. İrəvanı sağlam mövqe tutmağa çağıran tərəf tapılmayıb. Əksinə, bütün istiqamətlərin hamısında Azərbaycana qarşı qərəzli və məkrli siyasət yeridilib. Açıq-aşkar ermənilərə simpatiya nümayiş etdirilib. Digər tərəfdən Azərbaycanı bu işğalın daimi  şəraitə keçdiyinə inandırmağa çalışıblar və rəsmi Bakının bununla barışması üçün təzyiq göstəriblər. Hazırda Ermənistan açıq-aşkar sabitliyi pozur, yenə də qan tökülür, hər iki tərəfdən itkilər verilir. Bununla bağlı Fransanın xarici işlər nazirliyi bəyanat yayır və dolayısı ilə məsuliyyəti Azərbaycanın üzərinə atır. Biz açıq-aşkar görürük ki, Fransa və onun təmsil etdiyi Avropa İttifaqı ara qatmaqla, eləcə də Azərbaycana qarşı cəbhə yaratmaqla və həqiqəti ayaqlar altına atmaqla məşğuldur. Bütün problemlərin ağırlığını isə Azərbaycanın üzərinə yıxmağa səy göstərirlər”.

Tofiq Abbasov: Azərbaycan hər zaman işlək mexanizmləri ortaya qoyur - "İki  sahil"

Politoloqun sözlərinə görə, erməni lobbiçiləri Azərbaycanın haqq səsinin eşidilməməsi üçün vaxtlı-vaxtında “tədarük” görürlər: “Bu haqq səsi eşidilsə belə, ona adekvat cavabın verilməməsi üçün əllərindən gələni əsirgəmirlər. Bütün bunları görməmək mümkünsüzdür. Təbii ki, İranı tənqid etmək üçün kifayət qədər əsaslar var. Çünki Tehran Rusiyaya dağıdıcı silahları verməklə Ukraynada müharibənin uzanmasına şərait yaradır. Doğrudur, İranı tənbeh edirlər və hətta sanksiya tətbiqi məsələsini də gündəmə gətirirlər. Amma digər tərəfdən ABŞ və Qərb Ukraynanı silahlandırır və neytral mövqedən çıxış etmir. Bu məsələlərin hamısında meyarlar itib və qaydasız döyüş normaları qüvvəyə minib. Sirr deyil ki, İran oyun qaydalarını ciddi şəkildə pozur və hərc-mərclik üçün şərait yaradır. Həmçinin Ermənistanın əl-qolunu açmaqla onların Azərbaycana qarşı düşmən siyasətini gücləndirməsinə töhfə verir. Təbii ki, Tehranın bundan öz gözləntiləri var. Amma indiyədək heç bir beynəlxalq təşkilat fars-molla rejiminin atdığı addımlarla bağlı tutarlı qərar verməyib. Ən yaxşı halda sözdə ittiham etməyi və dəbdəbəli bəyanatlar verməyi bacarırlar. Törədilən bu əməllərin qarşısını almaq üçünsə, heç bir iş görməyəcəklər. Odur ki, biz yalnız özümüzə güvənməli, gücümüzü və geostrateji resurslarımızı artırmalıyıq. Dövlət, xalq və rəhbərlik eyni dalğaya köklənməlidir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*