Paşinyan Rusiyaya niyə çağırıldı? – Qarabağla bağlı bunlar tələb olunacaqbackend

Paşinyan Rusiyaya niyə çağırıldı? – Qarabağla bağlı bunlar tələb olunacaq

Moskva bu dəfə Paşinyanın “göz yaşlarına” inanacaqmı?

“7 Apreldə Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyanın Rusiyanın Prezidenti Vladimir Putinlə Moskvada görüşü planlaşdırılır. Hər iki tərəfdə bu görüşlə bağlı hazırlıq işləri aparılır. Moskva qonağı qəbul etməyə, Paşinyan isə pandemiyanın zəruri etdiyi tədbirlər çərçivəsində Putinlə görüşməyə hazırlaşır”.

KONKRET.az xəbər verir ki, bunu BDU-nun professoru, politoloq Əlimusa İbrahimov deyib.

O, bu səfəri zəruri edən səbəblərdən söz açıb:

“Məlum olduğu kimi, Nikol Paşinyan Ermənistanda baş verən iqtidar-müxalifət qarşıdurması fonunda istefaya göndərilməkdən son anda qurtardı. Onun Baş Nazir kimi fəaliyyətini davam etdirmək üçün Rusiya öz yardımını əsirgəmədi. Heç kimə sirr deyil ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyan məhz Moskvanın nəzarəti altında Paşinyana istefaya getmək haqqında ultimatum vermişdi və növbəti addımın hərbi çevrilişə gətirib çıxaracağı ehtimalı çox yüksək idi. Moskvanın Onik Qasparyana geri çəkilmək haqında təlimatından sonra Paşinyan nəzərdə tutduğu dəyişikliyi həyata keçirə bildi.

Baş Nazirə qarşı çıxan digər müxalifət qüvvələrinin də tonunun aşağı salınmasında Moskvanın sehirli çubuğundan istifadə edilməsi şübhə doğurmur. Deməli son hadisələr fonunda Ermənistan Baş Nazirinin üzərinə Rusiyaya ödəməli olacağı çoxlu borclar yığılıb qalıb. Moskva bu borcları iyun üçün nəzərdə növbədənkənar parelament seçkilərinə qədər ödənməsini istəyir. Elə ona görə də Paşinyanın Rusiyaya bu dəfəki səfəri digər səfərlərindən fərqlənir”.

Politoloq qeyd edib ki, Moskva Paşinyanı yırtıcı müxalifətin əlindən aldıqdan və onun mövqeyini nisbətən möhkəmləndirdikdən sonra əldə edə biləcəyi güzəştlərə çatmaq üçün çağırdı:

“Bu güzəştlərin siyahısı haqqında isə indiki halda ancaq mülahizələr söyləmək mümkündür. Məsələn, üçtərəfli bəyanatdan irəli gələn vəzifələr içərisində əhəmiyyətli yer tutan kommunikasiyaların açılması bəndinin həyata keçirilməsi istiqamətində ciddi addımların atılması və müəyyən vaxt çərçivəsində əlaqələrin bərpa olunması, Qarbağda mövcud olan erməni silahlılarının tam tərksilah olaraq geri qaytarılması, Ermənistandakı Rusiya meylli qüvvələrin təqibinə son qoyulması, onların gələcək seçkilərdə hakimiyyətdə təmsil olunmalarına şərait yaradılması. Həmçinin Rusiya sülhməramlı qüvvələrinin bundan sonra maliyyələşdirilməsi məsələsinin həll olunması, Paşinyanın Qərbə meylinin qarşısının alınması üçün tədbirlərin görülməsi, erməni iqtisadiyyatında Rusiyanın hələ nəzarətə keçirmədiyi sahələrin məsələlərinin həll edilməsi, Paşinyanın Rusiya Hərbi Sənaye kompleksinə ” İskəndər” yaxın mənzilli ballistik raketləri haqqında dediyi sözlərlə vurduğu ziyanın ödənməsi… – bu Rusiya ilə yeni silah müqaviləsi bağlamaq yolu ilə kompensasiya olunacaq və Baş Nazir Rusiya silahının üstünlüyünü əməldə göstərəcək”.

Professorun sözlərinə görə, bütün bunlar Paşinyandan Rusiyanın xidməti qarşısında ödənməsi tələb ediləcək məsələlərin kiçik bir hissəsidir:

“Sual oluna bilər ki, Baş nazir Rusiyanın qarşısında bu məsələlərdən hər hansı birini yerinə yetirməkdən boyun qaçıra bilərmi? Təbii ki, indiki halda və növbədənkənar parlament seçkiləri ərəfəsində Paşinyanın belə bir itaətsizliyə əl atması ağlabatan görünmür. Çünki Rusiyanın Paşinyanı istefaya getməkdən qurtardığı kimi, onu seçki vasitəsi ilə siyasi səhnədən uzaqlaşdırmaq imkanına malik olduğunu Ermənistanda və regionda hamı bilir. Rusiya ikitərəfli görüş vaxtını bu günlərə salmaqla əlində olan vasitələri bir daha Nikol Paşinyana nümayiş etdirmək istəyir.

Beləliklə Rusiya Ermənistan və Paşinyanın düşdüyü vəziyyətdən maksimum öz mənafeyi naminə istifadə etmək istəyir. Onun üçün Ermənistanda kimin hakimiyyətdə olmasının elə də ciddi fərqi yoxdur. Təki, bu şəxs Moskvanın çaldığı oyun havalarının ritmini tuta bilsin. Paşinyan isə mahir rəqqas olduğunu Cıdır düzündə nümayiş etdirə bilib. Baxmayaraq ki, bu məharəti ona çox baha başa gəldi. Bu rəqsindən sonra onun əl qaldırıb şıdırığı getdiyini bir daha görən olmadı və elə vəziyyətdədir ki, ən sadə “Nə oldu Paşinyan?” sualının cavabını hələ də verə bilmir. Ermənistanda baş verən son hadisələr fonunda Putin öz yaxın dostu Robert Köçəryanla məsafəli davranması ilə həqiqətən “böyük siyasətdə yaxın dost olmur” fikrinə sadiq qaldığını bir daha nümayiş etdirdi”.

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*