Payızda immuniteti gücləndirmək üçün hansı qidalara üstünlük verilməlidir? – EKSPERT AÇIQLADIbackend

Payızda immuniteti gücləndirmək üçün hansı qidalara üstünlük verilməlidir? – EKSPERT AÇIQLADI

Payız aylarında havaların soyuması ilə birlikdə mövsümi xəstəliklərin yayılma riski də artır. Bu dövrdə orqanizmin müdafiə sistemini dəstəkləmək üçün düzgün və balanslı qidalanma xüsusi əhəmiyyət daşıyır.

Bəs payız aylarında immun sisteminin normal fəaliyyətini qorumaq üçün hansı qidalara üstünlük verilməlidir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, payız aylarında əsas diqqət balanslı qidalanmaya yönəldilməlidir.

Onların adı qara siyahıya salınsın, cinayət işi açılsın"

Onun sözlərinə görə, immun sistemini dəstəkləmək üçün rasionda meyvə-tərəvəz, zülal mənbələri, süd məhsulları və paxlalılar yer almalıdır:

“Xüsusilə meyvə və tərəvəzlər ön planda olmalıdır. Kələm, brokoli, ispanaq, müxtəlif göyərtilər, kivi, nar və alma payız rasionuna daxil edilə bilər. Burada əsas məsələ konkret olaraq yalnız bir qidaya üstünlük vermək deyil. İmmunitetin güclənməsi üçün yalnız bir məhsula güvənmək düzgün yanaşma sayılmır. Ümumi rasion balanslı qurulmalıdır”.

Ekspert payız aylarında balıq və toyuq ətinin də zülal mənbəyi kimi əhəmiyyətli olduğunu qeyd edib. Onun fikrincə, C vitamini ilə zəngin qidalar da gündəlik qidalanmada yer almalıdır:

“Limon və portağal qəbul etməklə insanın xəstəliklərdən tam qorunduğunu düşünmək doğru deyil. Əsas məsələ C vitamininin ümumi rasionda balanslı şəkildə təmin edilməsidir”.

İ.Şirinov sarımsağın da qidalanmada nəzərə alınmasının vacibliyini vurğulayıb. O, bildirib ki, insanlar bəzən qoxusuna görə sarımsağı rasiondan çıxarırlar, lakin bu məhsuldan istifadə etmək faydalıdır.

Ekspert vitamin və mineral preparatlarının həkim məsləhəti olmadan qəbul edilməsinin isə düzgün olmadığını deyib:

“Həkim nəzarəti və məsləhəti olmadan müxtəlif vitamin qruplarından istifadə etmək insan sağlamlığına mənfi təsir göstərə bilər”.

İ.Şirinovun sözlərinə görə, immun sisteminin normal fəaliyyəti yalnız qidalanmadan asılı deyil. Yuxu rejimi, fiziki aktivlik, stressin idarə olunması və kifayət qədər su qəbulu da mühüm amillərdir:

“Payız gəldi, havalar sərinləşdi deyə suya olan ehtiyac bitmir. İnsan havanın isti və ya soyuq olmasından asılı olmayaraq orqanizmdə su balansını qorumalıdır. Susuzluq da immun sisteminin fəaliyyətinə mənfi təsir göstərə bilər”.

Ekspert xüsusilə stressin orqanizmə təsirinə diqqət çəkib. Onun sözlərinə görə, iş və sosial problemlərlə bağlı uzunmüddətli stress immun sisteminə mənfi təsir göstərə, hətta saç tökülməsi kimi problemlərə səbəb olar.

O, həmçinin gündəlik qidalanmada yağ, şəkər və duzun miqdarına nəzarət etməyin vacibliyini vurğulayıb:

“İnsanlar istifadə etdikləri yağlara, şəkərə və duza diqqət etməlidirlər. Duz və şəkərin normadan artıq qəbulu orqanizmdə ciddi fəsadlara səbəb ola bilər. Bütün qidalar balanslı şəkildə qəbul edilməlidir”.

Ekspertin fikrincə, immun sistemini dəstəkləməyin əsas yolu xəstələndikdən sonra müəyyən məhsullara üz tutmaq deyil, ilboyu sağlam və balanslı həyat tərzinə riayət etməkdir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*