Fransa Senatının qarşısında ermənipərəst qətnamənin qəbuluna qarşı aksiya keçiriləcək.
KONKRET.az xəbər verir ki, noyabrın 15-də Azərbaycan diasporunun nümayəndələri Fransa Senatının qarşısında Azərbaycan əleyhinə qətnamənin qəbuluna etiraz nümayişi planlaşdırıblar. Fransa Senatından Azərbaycana ədalət tələb ediləcək. Çünki aksiyaya paralel Fransa parlamentinin yuxarı palatasında ermənipərəst qətnamənin müzakirəsi gözlənilir. Qeyd edim ki, daha əvvəl sənədi baykot edən petisiya imzalanması da baş tutmuşdu. Lakin “jan”lar “yan”lıq elədi.
Əməli-saleh şeytan olmur
Diaspor və lobbi işi mürəkkəb prosedurdur. Bir dövlətin maliyyəsi ilə başqa ölkədə fəaliyyət göstərən bu sahənin əməkdaşları fəal ictimai-siyasi qrafikə malik olmalıdırlar. Məsələn Fransadakı diaspor təşkilatlarının işi Eyfel qülləsində şəkil çəkdirib Luvr muzeyini ziyarət etməkdən, yaxud kababxana açmaqdan ibarət deyil. Onlar bu ölkənin bütün partiya mənsubları, parlamentariləri və s. səlahiyyətliləri ilə təmasda olub Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində müsbət nəticəyə hesablanmış iş görməlidirlər. Fransada ermənilərin çoxluğunu və aktiv təbliğatını nəzərə alıb qabaqlayıcı tədbirlərin görülməsi də əsas vəzifələrdəndir. Bu ölkənin senatına ermənipərəst qətnamənin daxil olması isə sözügedən profilaktikadakı boşluqdan xəbər verir. Bəs niyə boşluq var? Şükür ki, bizimkilərin başı, cibi boş deyil. Amma başqa tutarlı bəhanələri də var ki, Makron ermənipərəstdir, dövlət strukturlarında ermənilər təmsil olunub, prezidentliyə istənilən namizəd seçkilərdə qalib gəlmək üçün erməniçiliyə əl atır və s.və ilaxır. Yaxşı ki, Napoleon Bonapart erməni olmayıb.
Deyəcəm ki, diaspor təşkilatları üçün Fransada işləmək asan deyil, deyəsiniz ki, guya harda yarıtdılar? Bu sualın yaranma məntiqi ondan ibarətdir ki, dünya azərbaycanlılarının sayı ermənilərdən qat-qat çoxdur. Lakin digər məntiq də ondan ibarətdir ki, 65 qəpiklik yavan çörəyi alanda xoşbəxt olan millətik. Ona görə də sosial rifah haqqımız dünyadakı siyasi ədalət qədər məhduddur.
Fransada Azərbaycan maraqlarını qoruyub təbliğ etmək doğrudan çətindir. Bu ölkəyə son səfir təyinatı da bunu deməyə əsas verir. Belə ki, oktyabrın 17-də Leyla Yaşar qızı Abdullayeva Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Leyla xanım daha əvvəl XİN-in sözçüsü olub. Müxtəlif media qurumları ilə əməkdaşlıq zamanı Abdullayevadan müsahibələr almış, telefon bağlantıları qurmuşam. Ona görə onun savad, ən əsası nümunəvi məsuliyyətinə bələdəm. Həyatını işinə bağlayan belə kadrlarla faydalı nəticələrə ümid bəsləmək olar.
İndi bu yeni səfir barədə portret reportaj deyil. Sadəcə Versal siyasi portretindəki kölgələrə diqqət çəkib həmin hissələrin üçrəngli bayrağımıza boyanması üçün daha çox iş tələb olunduğunu diqqətə çatdırıram. Diaspor problemin qabardıb indiyə kimi görülən işləri də görməzdən gəlmək olmaz. Hətta xaricdə yaşayan elə azərbaycanlılar var ki, rəsmi Bakının xeyrinə hansısa fəaliyyəti təmənnasız, şəxsi hesabına edir. Pulu alıb Nitsada xərcləyənlərdən deyil.
Əlqərəz, noyabrın 15-də Fransa senatının qarşısında etiraza toplaşacaq həmyerlilərimizə səbr, güc və inam arzulayıram. Bəlkə də ermənipərəst senatın üzvləri utandıqlarından sözügedən qətnaməni qəbul etmədilər. Amma əməli-saleh şeytan olmur. Onlarınkı axirətə qalıb. Bunu bilsək də, mövqe sərgiləməyimiz vacibdir.
Anar Rəhimov,
KONKRET.az
