Politoloq Andranik Miranyan: “Bu, razılaşma deyil, tamamilə təslim olmaqdır” – MÜSAHİBƏbackend

Politoloq Andranik Miranyan: "Bu, razılaşma deyil, tamamilə təslim olmaqdır" - MÜSAHİBƏ

Ermənistan və Azərbaycanda 10 noyabr gecəsi imzalanan anlaşmanın nəticələrini hələ də müzakirə edilir. Sülhməramlıların artıq Dağlıq Qarabağda yerləşməsinə baxmayaraq tərəflər öz iddialarından geri çəkilmir. Bəs perspektiv nələr vəd edir?  Vəziyyəti Politoloq Andranik Miqranyanla qiymətləndirməyə çalışacağıq.

– Andranik Movsesoviç, imzalanan müqavilə barədə nə düşünürsünüz?

– Razılaşma biabırçıdır. Bu, tam təslimdir. Əliyev və Ərdoğan belə bir şey xəyal etməyə belə cürət etməzdilər. Cəbhədə olan insanlarla bütün söhbətlərimin nəticəsi budur ki, hər şey tamamilə təslim olmağa qədər inkişaf etdirildi. Ancaq bu, bir təsadüf deyil. Paşinyan 7 bölgəni və bütün əraziləri təslim etmək və Qarabağ məsələsini gündəmdən çıxarmaq vəzifəsi ilə hakimiyyətə gəldi. Bir jurnalist və müxalifətçi olaraq əvvəllər də fikirlərini gizlətmirdi. Həmişə deyirdi ki, bütün bunlar lazımsızdır. Ter-Petrosyan da buna bənzər bir şey etdi, ancaq fərqli bir səviyyədə, fərqli bir zamanda. Bunun da əvəzini ödədi…

– Qarabağ məsələsi barədə çox məlumatlı olmayan oxucularımız üçün izah edə bilərsinizmi: niyə buna hər şeyin təslim olmasını deyirsiniz? Müharibə başa çatır, rus sülhməramlıları gətirilir. Axı Laçın dəhlizi Ermənistanın nəzarəti altında qalır.

– Xeyr, çox diqqətlə oxumamısınız. Dəhliz Ermənistanın yox, hətta razılaşmaya görə Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın deyil, rus sülhməramlılarının nəzarəti altında qalır. Kəlbəcər dəhlizi Azərbaycana qayıdır. Laçın, Şuşa, Ağdam. Bundan əlavə, Qarabağ Hadrutu itirdi. Hər şey Azərbaycana qayıdır. Ancaq müvəqqəti olaraq Rusiya sülhməramlıları Ermənistanla Qarabağı birləşdirən beş kilometrlik zolağı qoruyurlar. Və sonra Şuşadan yan keçərək yeni bir yol çəkiləcək. Ancaq bu, eyni zamanda Azərbaycanın de-yure hissəsidir. Erməni tərəfinin nəzarəti altında olan bir şey yoxdur. Sıfır. Zolaq 5 kilometr uzunluğundadır və qanuni olaraq anlaşmada yazıldığı kimi, bu ərazi Azərbaycanın bir hissəsidir.

“MK”-dan arayış: “Birinci Qarabağ müharibəsinin nəticələrindən sonra Qarabağ ilə Ermənistanı birləşdirən iki “dəhliz” var idi – Laçın dəhlizi və Şuşa şəhərindən keçən İrəvan-Gorus-Stepanakert və Vardenis–Mardakert yolları.

Kəlbəcər rayonundan keçən yol Bakının nəzarəti altında olacaq. Razılaşmaya əsasən, Ermənistan Kəlbəcər rayonunu 15 noyabr 2020-ci il tarixə qədər, Laçın mərkəzi də daxil olmaqla Laçın rayonunu 1 dekabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına qaytaracaq.

Yalnız 5 km enində Laçın dəhlizi qalır. Bu, indi Qarabağdan Ermənistana gedən yeganə yoldur. Eyni zamanda, Şuşadan keçmədən. Anlaşmaya görə yaxın üç ildə Laçın dəhlizi boyunca yeni bir yol çəkilməlidir. Həmçinin 20 Noyabr 2020-ci il tarixinədək Ağdam rayonu və Qazax bölgəsində ermənilərin nəzarətində olan ərazilər Azərbaycana verilir”.

– Yeni yol nə üçün idi?

– Fakt budur ki, indi Laçından gələn yol Şuşadan keçir. Şuşaya qalxırsan, oradan Stepanakertə enirsən. Şuşa Azərbaycana verilir. Buna görə alternativ yol çəkməyə qərar verilib. Beləcə Şuşa kənarda qalacaq, amma əraziyə hakim olacaq.

– Stepanakertin yenidən Şuşadan vurulacağından qorxursunuz? Ancaq rus sülhməramlıları orda olacaq. Kim cəsarət edər ki?

– 90-cı illərdə ermənilər Şuşanı alana qədər oradan Qradlarla Stepanakert atəşə tutulurdu. Şuşa  Stepanakerti qoruyan strateji bir yüksəklik idi. Yəqin ki, bu, bir daha olmayacaq. Ancaq istisnalar da yox deyil.

Yuqoslaviya təcrübəsindən də bildiyimiz kimi, sülhməramlılarla bəzən nəsə etmək olur. Bəzən nəzarətə götürürülmüş əraziləri tərk etmək məcburiyyəti yaranır. Ancaq çox vacib strateji mövqelərdən imtina etdiyiniz zaman davamlı hücumlara məruz qalırsınız. Belə bir potensial təhlükə var. Ümid edirəm ki, bu, Rusiya sülhməramlılarının başına gəlməyəcək.

– Yəni müqavilə sizcə çox pisdir?

– İyrənc! Bu, razılaşma deyil, tamamilə təslim olmaqdır. Bu, çox haqsız, alçaldıcı bir müqavilədir. Anlaşmaya Ermənistan ərazisindən Naxçıvana və Türkiyəyə gedən quru yolu da daxildir. Bu isə dəhşətdir…

– Ancaq cəbhədə vəziyyət çox pis idi və deyəsən başqa çıxış yolu yox idi …

– Belə bir vəziyyəti kim yaradıb? Ermənistanda bu məxməri inqilabın zombiləşdirilməsini və Paşinyanın xəyanətkar olduğuna hamı inanır. Yalnız təslim ol. Bu adam uzun illər əvvəl müxalifətdə olaraq yazırdı ki, bu Qarabağ heç kimə lazım deyil, təslim olmalı və o bölgə unudulmalıdır. Çünki o, Levon Ter-Petrosyanın köməkçisi idi və bu, Ter-Petrosyanın planı idi. Qarabağı təslim edin və digər məsələləri həll edin.

– Nə cür?

– Vaxtilə Strobe Talbott (ABŞ dövlət katibinin keçmiş müavini – “MK”) Ter-Petrosyana Bakıdan çıxan qaz boru kəmərlərinin Ermənistan ərazisindən keçməsini təklif etdi. Əvəzində Azərbaycan torpaqlarını təhvil verin. O vaxt Ter-Petrosyanın formulu belə idi: “Qarabağ faktiki olaraq müstəqildir, de-yure Azərbaycanındır”. Buna görə istefa etmək məcburiyyətində qaldı.

– Sonra nə olacaq? Paşinyan indi dayanacaq, yoxsa yıxılacaq?

– Yıxılacaq. Heç bir erməni bu biabırçı müqaviləni tanımayacaq. Sülhməramlılar olacaq, amma heç kim bu vəziyyətə heç vaxt dözməyəcəkdir.

– Paşinyanla Bakı arasında bir sui-qəsd və onun tərəfində bir növ “hədiyyə” oyunu olması mümkündürmü?

– Mən sui-qəsd nəzəriyyəsinin tərəfdarı deyiləm, amma bunun əvvəlcədən düşünülmüş bir plan olduğu versiyasına inanıram. Bütün baş verənlər bu planın həyata keçirilməsi idi.

– Türkiyənin qoşulduğu və həqiqi qüvvələr balansının erməni tərəfinin xeyrinə olmadığı bir vaxtda ermənilərin bu vəziyyətdə müqavimət göstərmək imkanı varmı?

– Bu nisbət həmişə olub. Ancaq davamlı məğlub olublar. 90-cı illərin əvvəllərində Qarabağ xalqı daha da pis silahlanmışdı, lakin Azərbaycanın 7 rayonunu işğal etdi. Bu o deməkdir ki, son iki il yarımda bütün ordu məhv edilib. Zəka yox, əsl müharibəyə hazırlıq yoxdur. Pilotsuz uçuş aparatları yoxdur. Üstəlik, Rusiya ilə münasibətlər pozulub. Və Paşinyanın hər şeyi və hər kəsi təslim etmək istəyi və bu da son…

– İndi İrəvanda nə baş verir?

– Paşinyan harada gizləndiyi və kimlərə arxasını söykədiyi hələ bəlli deyil. Az vaxtda  hər şey müəyyənləşdiriləcək. Bir ay əvvəl Böyük Fransız İnqilabı dövründə olduğu kimi Milli Qurtuluş Komitəsi və ya keçid höküməti yaradılmasını təklif etdim. Ancaq müxalifət bunu etmədi. Nəticədədə bəlli oldu ki, Paşinyan güc deyil, başqa güc isə yoxdur…

“Moskovskiy Komsomolets”

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*