Azərbaycanda tələbələrin, pensiyaçıların və qazilərin ictimai nəqliyyatdan ödənişsiz istifadə etməsi məsələsi vaxtaşırı gündəmə gəlir. Bu kateqoriyalara aid şəxslərin nəqliyyat xərclərindən azad edilməsi həm sosial yükün azaldılması, həm də onların gündəlik hərəkət imkanlarının genişləndirilməsi baxımından müzakirə olunur.
Bəs belə bir güzəşt hansı mexanizmlə tətbiq edilə və xərclər necə qarşılanmalıdır?
Məsələ ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyasının sədri Tural Abbaslı bildirib ki, dünyanın müxtəlif ölkələrində tələbələr, pensiyaçılar, qazilər və aztəminatlı ailələr üçün ictimai nəqliyyatda güzəştlər tətbiq olunur.

Onun sözlərinə görə, Azərbaycanda da əvvəllər müəyyən kateqoriyalara aid şəxslərin ictimai nəqliyyatdan pulsuz istifadə etdiyi dövr olub:
“Dünyanın bir çox yerlərində təqaüdçülər, tələbələr, qazilər və aztəminatlı ailələr nəqliyyat xərclərindən azad olunub. Bu nümunələr mövcuddur. Təəssüf ki, hazırda Azərbaycanda belə bir sistem yoxdur. Halbuki vaxtilə dövlət büdcəsi indikindən daha az, nəqliyyat infrastrukturu daha zəif, müasir texnologiyalar isə indiki səviyyədə olmadığı halda şagirdlər, pensiyaçılar və qazilər üçün nəqliyyat pulsuz idi. Bu, tənzimlənən sistem çərçivəsində həyata keçirilirdi”.
Partiya sədri hesab edir ki, hazırda özəl nəqliyyat şirkətlərinin də bu prosesə cəlb olunması mümkündür. Onun fikrincə, güzəştli kateqoriyalara aid şəxslərin gediş xərclərini dövlət subsidiya edə bilər:
“İndi deyə bilərlər ki, dövlətə aid nəqliyyat şirkətləri ilə yanaşı, özəl nəqliyyat şirkətləri də var. Özəl şirkətlərdə də qazilər, pensiyaçılar və tələbələr üçün gedişi ödənişsiz etmək mümkündür. Lakin burada ödənişi vətəndaş deyil, dövlət həyata keçirməlidir. Yəni dövlət bu kateqoriyalara aid insanların nəqliyyat xərclərini subsidiya edə bilər”.
T.Abbaslı bunun üçün xüsusi güzəştli nəqliyyat kartlarının tətbiqini təklif edib. O, bildirib ki, belə kartlar yalnız aidiyyəti şəxsin istifadəsi üçün nəzərdə tutulmalı və sistem elektron şəkildə izlənilməlidir:
“Texnologiyalar inkişaf edib. Tələbələr, qazilər, şəhid ailələri və pensiyaçılar üçün xüsusi imtiyazlı gediş kartları tətbiq oluna bilər. Həmin kartlardan yalnız onların sahibləri istifadə etməlidir. Şəxs kartı nəqliyyat vasitəsində oxutduqda gediş haqqı tutulmamalıdır. Ayın sonunda özəl nəqliyyat şirkətlərində bu imtiyazlı kartlardan neçə dəfə istifadə olunduğu müəyyənləşdirilərək həmin məbləğ dövlət tərəfindən şirkətlərə ödənilə bilər”.
Onun sözlərinə görə, sistemin texniki baxımdan qurulması ciddi problem yaratmır və əsas məsələ bu istiqamətdə qərarın qəbul edilməsidir:
“Burada texniki tərəflər o qədər də böyük problem deyil. Əsas məsələ siyasi iradənin olmasıdır. Vətəndaşları düşünərək belə bir qərar qəbul etmək lazımdır. Bu iradə olarsa, sistemin təşkilini çox qısa müddətdə həyata keçirmək mümkündür”.
Tural Abbaslı Türkiyədə də pensiyaçılar və veteranlar üçün ictimai nəqliyyatda güzəştlərin tətbiq edildiyini xatırladıb:
“Biz illərdir deyirik ki, hətta Türkiyədə pensiyaya çıxan insanların təqaüd kartları vasitəsilə ictimai nəqliyyatdan pulsuz istifadə imkanları var. Veteranlar üçün də belə imkanlar mövcuddur”.
Beləliklə, təklif olunan modeldə güzəştli kateqoriyalara aid şəxslərin gediş haqqı birbaşa nəqliyyat şirkətləri tərəfindən deyil, dövlət subsidiyası hesabına qarşılanır. Bu isə həm dövlət, həm də özəl nəqliyyat operatorlarının vahid elektron sistem üzərindən prosesə cəlb olunmasına imkan verə bilər.
Aynurə İsmayıl
KONKRET.az
