Rusiyanın təcavüzü minlərlə ukraynalının Polşaya sığınmasına səbəb olub. Artıq Polşa sərhədlərini açaraq həm ukraynalıların, həm də oradakı digər millətlərin nümayəndələrinin ölkəyə keçməsinə şərait yaradıb. Azərbaycanlılar da daxil olmaqla Ukraynadakı digər millətlərin nümayəndələri tranzit kimi Polşaya keçərək öz ölkələrinə qayıda biləcəklər. Ukrayna vətəndaşlarına isə Polşada qalmaq üçün bütün şərait yaradılıb. Lakin müharibə uzanacağı təqdirdə Polşaya sığınanların sayının artacağı istisna deyil. Belə olan təqdirdə Mərkəzi Avropa ölkəsinin hansı çətinliklə üzləşəcəyi sual doğurur. Üstəlik bir vaxtlar Belarusiyadan Polşaya keçmək istəyən miqrantlara sərhədi bağlayan Mərkəzi Avropa ölkəsinin indi niyə adekvat addım atmadığı da müzakirə olunan mövzular arasındadır.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bidirib ki, Ukrayna Avropa İttifaqı ilə saziş imzalayıb. Yəni Ukrayna vətəndaşlarının Polşaya daxil olub orada 3 ay vizasız qalmaq hüquqları var: “Amma Belarusiyanın Avropa İttifaqı ilə belə bir saziş imzalamadığı məlumdur. Belə olan halda Belarusiyadan Polşaya keçmək sərhəd pozuntusu hesab edilirdi. Amma Ukraynadan Mərkəzi Avropa ölkəsinə keçmək sərhəd pozuntusu sayılmır və miqrant axını yalnız Ukrayna vətəndaşlarına şamil olunur. Təbii ki, azərbaycanlıların və digər millətlərin nümayəndələrinin də təhlükəsizlik baxımından Polşaya keçməsi müşahidə edilir. Ancaq onlar bu ölkədən tranzit kimi istifadə edirlər. Yəni Polşaya daxil olduqdan sonra təyyarə bileti alaraq öz ölkələrinə geri dönəcəklər. Azərbaycanlılar da daxil olmaqla digər millətlərin nümayəndələrinin Polşaya axını nəzarət altında saxlanılır. Amma digər vətəndaşların da həyatı önəmlidir və onların da üçüncü dövlətdən tranzit kimi istifadə edərək ölkələrinə getməsi üçün hər bir şərait yaradılır. Amma Belarusiya ilə vəziyyət fərqli olduğu üçün Polşa miqrantların ölkəyə daxil olmasına imkan vermirdi”.

Ağasif Şakiroğlu əlavə edib ki, Polşanın böyük miqrant axınını qəbul etmək gücündə olduğunu demək çətindir: “Ukraynada təxminən 60 milyona yaxın insan yaşayır. Bu qədər insanı qəbul etmək iqtisadi cəhətdən də ağırdır. Amma BMT-nin miqrasiya haqqında qərarı var. Əgər həmin şəxslər hümanitar məqsədlə Polşada qalacaqlarsa, onların təminatını BMT həyata keçirəcək. Üstəlik Polşa da Avropa İttifaqının üzvüdür. Təbii ki, Qərb dövlətləri də, Ukrayna vətəndaşlarının məhdud qaçqın həyatı yaşamasına öz köməyini əsirgəməyəcək. Hər halda bu gün yaşanan hadisə bəşəri bir fəlakətdir. Suveren dövlətin ərazisinə hücum isə beynəlxalq hüqun pozulmasıdır”.
Müşviq Tofiqoğlu
KONKRET.az
