AMEA İqtisadiyyat İnstitutunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi
yaradılıb.
KONKRET.az-a bu barədə AMEA İqtisadiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda daha sonra deyilir:
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu ölkəmizin işğal olunmuş ərazilərini rəşadət və əzmkarlıqla azad etməkdədir. Cənab Prezidentin bəyan etdiyi kimi, işğaldan azad olunmuş ərazilərimiz tezliklə bərpa ediləcək və Qarabağa həyat qayıdacaqdır.
Bərpa proqramlarının hazırlanması üzrə Azərbaycan hökumətinin həyata keçirəcəyi sistemli fəaliyyətə töhfə vermək məqsədilə AMEA İqtisadiyyat İnstitutu Elmi Şurasının oktyabrın 21-də keçirilmiş iclasında İnstitutun nəzdində Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin yaradılması və bu barədə AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul edilmişdir.
Mərkəz bərpa və yenidənqurma prosesləri üzrə kompleks tədqiqatlar aparacaq, yaşayış məntəqələrinin bərpasının, infrastruktur və həyat təminatı sistemlərinin yenidən qurulmasının, əhalinin öz daimi yaşayış yerlərinə repatriasiyasının və bu qəbil digər problemlərin sosial-iqtisadi məsələlərini araşdıracaqdır. Bu sırada enerji təminatının, su və qaz təchizatının, kanalizasiya sistemlərinin bərpasına, nəqliyyat və telekommunikasiya sistemlərinin yenidən qurulmasına, mülki idarəetmə orqanlarının iş infrastrukturunun və sosial obyektlərin yenidən yaradılmasına xüsusi diqqət yetiriləcəkdir.
Bərpa proqramlarında Dağlıq və Aran Qarabağa vahid sosial-iqtisadi məkan kimi baxılacaqdır.
“Post-konflikt ərazilərin bərpası” Elmi mərkəzinin işinə təkcə İnstitutun əməkdaşlarını deyil, digər qurumların mütəxəssislərini, həmçinin müstəqil ekspertləri də cəlb etmək nəzərdə tutulur”.