“Prezident İlham Əliyev beynəlxalq ictimaiyyəti fakt qarşısında qoydu”backend

"Prezident İlham Əliyev beynəlxalq ictimaiyyəti fakt qarşısında qoydu"

Elman Babayev

Vətən təəssübkeşliyinin və dünyadakı ədalətsizliklərə cəsarətli etirazın növbəti nümunəsi

Prezident İlham Əliyev ən ali beynəlxalq tribunalardan biri olan BMT-də heç kimdən, heç nədən çəkinmədən Ermənistanın işğalçılıq, faşist, anti-insani siyasətini, yeni müharibə planlarını qətiyyətlə ifadə etdi. BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarındakı bu çıxışda dünyada hökm sürən ikili standartlara müəlliflik edən dövlətlərə, Ermənistanı pulsuz silahlarla təchiz edən qüvvələrə, BMT-nin özünə ünvanlanan ciddi mesajlar yer aldı. Bu, Azərbaycan Prezidentinin beynəlxalq tribunalarda sistemli şəkildə nümayiş etdirdiyi cəsarətin, Azərbaycan sevgisinin, Vətən təəssübkeşliyinin növbəti nümunəsi idi. Prezident Azərbaycanı bütün auditoriyalarda olduğu kimi,  ən ali tribuna olan BMT-də də güclü təqdim etməklə yanaşı, dünyada mövcud  ədalətsizliklərə, siyasi riyakarlıqlara, terrorçu dövlət olan Ermənistana qarşı tutulan güzəştli mövqeyə diqqəti cəlb etdi.

Çıxışdakı bir sıra məqamlara nəzər yetirək:

– Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə təqribən 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir.

– Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparır. Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur.

– Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları Azərbaycana qarşı istifadə edir. Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir. Ermənistan Azərbaycana qarşı 30-dan artıq terror aktı törədib. Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var. Erməni terrorçuları 24 türk diplomatını qətlə yetirib. Paris şəhərinin Orli hava limanında terror aktı törədərək müxtəlif ölkələrin vətəndaşlarını qətlə yetirən ASALA terror təşkilatının Varujan Karapetyan adlı üzvü daha sonra Ermənistana ekstradisiya olunmuş və Ermənistan prezidenti tərəfindən əfv edilmişdir. Həmin terrorçu Ermənistanda qəhrəman kimi qəbul edilir.

– Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. Xüsusilə də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatdan sonra. Dövlət sərhədindəki toqquşmaların qaynar fazası iyulun 16-da sona çatmışdır. Növbəti gün – iyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik. Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq.

– Erməni jurnalist və siyasətçi Mher Yeqizaryan 2019-cu ilin yanvar ayında həbsxanada elan etdiyi aclıq nəticəsində ölmüşdür. Lakin vəzifələri dünyada demokratiya və insan hüquqlarının müşahidə edilməsindən ibarət olan beynəlxalq təşkilatlar buna reaksiya vermədilər. “Human Rights Watch”, “Amnesty International”, “Freedom House” və digərləri Ermənistandakı despotik rejimin zorakı və qeyri-insani hərəkətlərinə göz yumurlar. Buna səbəb dünyada insan haqları ilə məşğul olan bir çox dırnaqarası qeyri-hökumət təşkilatlarına sponsorluq edən Sorosun Paşinyan rejimini də maliyyələşdirməsi və dəstəkləməsi ola bilər.

Prezident İlham Əliyevin çıxışında böyük peşəkarlıqla nümayiş etdirdiyi bu cəsarət, hünər, ilk növbədə haqlı tərəf olmasıyla bağlıdır. Bu, cəsarətin arxasında həm də Azərbaycanın güclü dövlətə çevrilməsi, hər an hərbi yolla öz torpaqlarını işğaldan azad etmək iqtidarında olmasını dayanır. Bu gün məhz Azərbaycan bu gücün hesabına ayaqda dura, öz torpaqlarını qoruya, dünyadakı ədalətsizliklərə sinə gərə bilir. Azərbaycan işğalçı Ermənistan kimi hansısa dövlətin əlaltısı deyil. Reallıq odur ki, Ermənistan pulsuz olaraq silahlandırılır, hər cür maliyyə dəstəyi ilə təmin olunur. Bununla belə yenə də Azərbaycandan qat-qat zəif, asılı, müstəqil siyasətə malik olmayan, forpost statusundan xilas ola bilməyən, sosial və iqtisadi kataklizmlər yaşayan, çıxılmaz vəziyyətə düşmüş, faşizm ideologiyasına xidmət edən bir ölkədir. İşğalçı Ermənistana qarşı təcrid siyasətini bütün sferalarda davam etdirən Azərbaycan bu siyasətin işğal altında olan torpaqlar geri qayıdana qədər  qüvvədə qalacağını bəyan edib və məhz bu təcrid siyasəti işğalçı ölkənin siyasi,iqtisadi sisteminin çökməsinə gətirib çıxarıb. Hazırda kənar dəstək olmasa, Ermənistanın neçə gün ayaqda dura biləcəyi məlum deyil…

Ermənistan tərəfinin növbəti dəfə cəbhə bölgəsində vəziyyəti gərginləşdirmək, danışıqlar prosesinə maneələr yaratmaq və münaqişə ilə bağlı mövcud vəziyyəti mümkün qədər qoruyub saxlamaq, ölkənin daxilindəki gərginlikdən diqqəti yayındırmaq məqsədi daşıyır. Eyni zamanda,  Ermənistan son addımı ilə münaqişənin həllində maraqlı olmadığını, sülhə, atəşkəsə riayət edilməsi və digər bu kimi iddialarının yalnız beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güddüyünü birmənalı şəkildə təsdiqləyir.

İşğalçı dövlətin bütün addımları sübut edir ki, Ermənistanla sülh danışıqlarına davam etmək mənasız bir fəaliyyətdir. Yada salmaq yetər ki, Ermənistan ücün hec bir beynəlxalq hüquq norması, qadağa yoxdur, əks təqdirdə bundan əvvəl də dəfələrlə atəşkəsin pozulmasına əl atmaz, müxtəlif təxribatlar törətməzdi.

Ötən il Minsk Qrupunun bölgəyə səfəri ərəfəsində Azərbaycan Ordusunun zabitinin qətlə yetirilməsi məhz bunun göstəricisi deyildimi? Bu kimi çoxsaylı misallar Ermənistanın sülhə xəyanət etdiyini aydın göstərir. 2016-cı ilin aprel ayında Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum həyata keçirib, biri uşaq olmaqla, 6 dinc sakin qətlə yetirilib, 26 mülki vətəndaş isə yaralanıb; 2017-ci ildə Ermənistanın məqsədyönlü hücumu nəticəsində 2 yaşlı Zəhra Quliyevə və onun nənəsi qətlə yetirilib; 2020-ci il iyulun 12-də Ermənistan dövlət sərhədi istiqamətində növbəti təxribata əl atıb, Tovuz rayonunun artilleriya atəşinə tutulması nəticəsində hərbçilərimiz və 76 yaşlı mülki vətəndaşımız həlak olub, mülki infrastruktura isə ciddi zərər dəyib.

Ermənistan hər dəfə belə təxribatlara əl atmaqla məqsədli şəkildə Dağlıq Qarabağ probleminin həlli ücün aparılan danışıqları yenidən sıfır nöqtəsinə qaytarır. Bu təxribatlar sayəsində problemin cözümü ilə bağlı beynəlxalq səylər boşuna gedir, yaxud da, yaxın vaxtlarda danışıqlarda hər hansı bir irəliləyiş gözləmək çətinləşir.

Vəziyyət illərdir belə bir forma alıb; Minsk Qrupunun ardıçıl vasitəçliyi sayəsində müəyyən qədər yaxınlaşma, azaçıq da olsa anlaşma yaranır, lakin Ermənistanın törətdiyi təxribatçı hadisələr bunları alt-üst edir. Azərbaycan hərbçilərinə, dinc sakinlərə qarşı törətdiyi cinayətlərin ardı-arası  kəsilmir…

Amma beynəlxalq ictimaiyyət, xüsusən də həmsədr ölkələr Ermənistanın bu kimi təxribatlarından sonra bəyanat verməklə işlərini bitmiş sayırlar. Bütün dünya tərəfindən qəbul olunmayan statis-kvo məhz Ermənistana qarşı ciddi təzyiq nəticəsində dayişməli, sülh prosesinə və erməni işğalının nəticələrinin aradan qaldırılmasına yolu açmalıdır.

Əks təqdirdə prosesin nətiçəsizliyə düçar olması müharibə ehtimalını daha da artırır. Bu isə beynəlxalq aləmin üzərinə götürdüyü vasitəçilik missiyası ilə bir araya sığmır.

Dünyanın ədalətsizliyi müharibə variantını qaçılmaz hala gətirsə,  Azərbaycanın tutacağı mövqe bəllidir. Azərbaycan Prezidentinin BMT tribunasından bəyan etdiyi kimi, “Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*