Rusiya prezidenti vladimir Putinin nüvə razılaşmasından imtina etməsi dünya liderləri tərəfindən birmənalı qarşılanmayıb. Bir çox beynəlxalq ekspertlər bunu nüvə müharibəsinin başlanğıcı kimi xarakterizə etsələr də, Kreml rəhbərinin belə bir addım atmayacağına əmin olanlar da az deyil. Bəs görəsən Putin nüvə razılaşmasından niyə çıxdı və bununla dünyaya hansı mesajı verir?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Zərdüşt Əlizadə bildirib ki, Putinin uşaqlığı küçə adamlarının yanında keçib: “Küçə uşaqlarında isə belə bir xüsusiyyət var. Onlar rəqibin üzərinə getməyi və qorxutmağı bacarırlar. Zərbə endirmək vacib deyil, əsas qorxutmaqdır. Putin dövlət rəhbəri olsa da, yenə həmin uşaqlıq psixologiyası ilə hərəkət edir. O, Qərbi və Ukraynanı qorxutmağa çalışır. Nüvə razılaşmasını pozmaqla bu silahdan istifadə etməyə hazır olduğunu göstərmək istəyir. Amma Putinin ABŞ-ı şantaj etmək cəhdləri yersizdir. Çünki ABŞ-ın beyin mərkəzləri, onun siyasi təhlilçiləri Putinin əbəs yerə hədələdiyini dərk edirlər. Yəni onlar anlayırlar ki, Kreml rəhbəri “heç kimdir”.

Zərdüşt Əlizadə əlavə edib ki, Putin nüvə silahından istifadə etsə də, bizim əlimizdən heç nə gəlməyəcək: “Çünki biz sıravi vətəndaşlarıq. Sovet vaxtı “nüvə müharibəsi başlayanda nə etmək lazımdır?” adlı fənn var idi. Bu fənni tədris edən müəllim belə deyirdi: “Nüvə müharibəsi başlayanda ağ mələfəyə bürünmək və qəbiristanlığa getmək lazımdır”. Yəni Putinin qorxutmaq cəhdləri reallığa çevrilsə, o zaman bu, böyük faciə ilə nəticələnəcək”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
